Kişilər və qadınlar arasında idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyi start götürüb
Milli Gimnastika Arenasında kişilər və qadınlar arasında idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyi start götürüb.

Kişilərdən ibarət idman gimnastikası yarışlarında Bakı Gimnastika Məktəbinin, “Ocaq” İdman Klubunun, Respublika Olimpiya İdman Liseyinin yetirmələri, habelə Sumqayıt və Balakən təmsilçiləri iştirak edirlər. Qaliblər azyaşlılar, uşaqlar və yeniyetmələr arasında çoxnövçülük yarışlarında müəyyən olunacaq, yeniyetmə, gənc və yaşlı gimnastlar arasında isə final yarışları keçiriləcək.

Qadınların yarışlarında Bakı Gimnastika Məktəbinin, “Ocaq” və “Neftçi” idman klublarının yetirmələri təmsil olunublar. Yarışların reqlamentinə görə, medallar azyaşlılar, uşaq, yeniyetmə, yaşlı gimnastlar arasında oynanılacaq.

İki gün ərzində tamaşaçıları birinci Avropa Oyunlarının Azərbaycanı təmsil edən yeganə beşqat mükafatçısı, paralel qollarda hərəkətlər üzrə qızıl mükafatçı Oleq Stepko, komanda hesabında bürünc mükafatçı Petro Paxnyuk, birinci Avropa Oyunlarının iştirakçıları Marina Nekrasova və Yuliya İnşina, habelə Mariya Smirnovanın maraqlı çıxışları gözləyir.

Bu turnir yaşlı gimnastların oktyabrın 23-dən noyabrın 1-dək Qlazqoda (Böyük Britaniya) keçiriləcək dünya çempionatdan əvvəl sonuncu yarışıdır.

Kişilər və qadınlar arasında idman gimnastikası üzrə 22-ci Bakı çempionatının və birinciliyinin qalibləri oktyabrın 3-də məlum olacaq.

Xəbər 785 dəfə oxundu.