Qarabağ Azərbaycan üçün rekord göstəriciyə imza atdı
Avropa Liqasının qrup mərhələsinin ötən gecə baş tutan ikinci turunun oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Ölkəmiz bu siyahıda əvvəlki yerini qoruyub.

Qeyd edək ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində "Qarabağ"la "Qəbələ" təmsil edir. Qəbələnin eyniadlı təmsilçisi ötən gecə səfərdə Rusiya "Krasnodar"ı ilə qarşılaşdı və 1:2 hesablı məğlubiyyətlə üzləşdi. Ağdam klubu isə doğma meydanda Belçika "Anderlext"inə 1:0 hesabıyla qalib gəldi. Nəticədə, "Qəbələ" bu dəfə ölkəmizə xal qazandıra bilməsə də, "Qarabağ" Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını 0.500 balla zənginləşdirdi.

Hazırda UEFA reytinqində 54 ölkə arasında 26-cı pillədəyik. Azərbaycanın hesabında 14.375 reytinq xalı var ki, onun da 3.875 xalı cari mövsümdə qazanılıb ("Qarabağ" - 1.500, "Qəbələ" - 1.375, "İnter" - 0.750, "Neftçi" - 0.250). Yeri gəlmişkən, ölkəmiz bu göstərici ilə öz rekordunu yeniləyib. Belə ki, bir mövsüm ərzində heç vaxt 3.875 xal qazanmamışdıq. Ən yüksək göstəricimiz 2014/15 mövsümündəki 3.625 xal idi. "Qarabağ"la "Qəbələ"nin hələ qrup mərhələsində xeyli oyun keçirəcəyini nəzərə alsaq, böyük ehtimalla ölkəmiz öz rekordunu daha da yaxşılaşdırmış olacaq.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırırdısa, heç-heçə 0.125 xal verirdi. Qrup mərhələsində isə heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Xəbər 772 dəfə oxundu.