UEFA Çempionlar Liqası: Mançester klublarının zəfəri
Sentyabrın 30-da UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində ikinci turun növbəti görüşləri keçirilib.

Yarışların “A”, “B”, “C” və “D” qruplarında çıxış edən komandalar növbəti oyunlarına çıxıblar.

“A” qrupunda İspaniyanın “Real” Madrid klubu səfərdə İsveçin “Malmö” klubunu 2:0 hesabı ilə məğlub edib. “Kral” klubunun heyətində Kristiano Ronaldo dubl edib.

Qrupun digər qarşılaşmasında Fransanın “PSJ” klubu çətin “Şaxtyor” səfərindən qalibiyyətlə qayıdıb. Matç 3:0 hesabı ilə parislilərin xeyrinə başa çatıb.

“B” qrupunda ilk turda “Mançester Yunayted”ə (İngiltərə) qalib gələn Hollandiyanın “PSV Eyndhoven” klubu Rusiyada “MOİK”in qonağı olub. Hollandlar ilk turdakı qələbənin ardını gətirə bilməyiblər-2:3.

“Mançester Yunayted” isə “Old Trafford” stadionunda Almaniyanın “Volfsburq” klubunu hesabda geriyə düşdüyü qarşılaşmanın sonunda 2:1 hesabı ilə məğlub edərək qitənin ən nüfuzlu klub turnirinin 2015-2016 mövsümündə ilk qələbəsini qazanıb.

“C” qrupunda Türkiyənin “Qalatasaray” klubu Qazaxıstanda turnirin debütantı “Astana”nı məğlub edə bilməyib. Qarşılaşmada hesabda iki dəfə irəli çıxmasına baxmayaraq, İstanbul klubu qələbə hesabını qoruya bilməyib – 2:2. Qrupun digər qarşılaşmasında isə “Atletiko” (İspaniya) Mariddə Lissabonun “Benfika” klubu qarşısımda aciz qalıb-1:2.

“D” qrupunda ötən mövsümün Çempionlar Liqasının finalçısı “Yuventus” (İtaliya) Avroliqanın qalibi “Sevilya” ilə qarşılaşıb və rəqibinə Alvaro Morata və Simone Zazanın vurduğu qollarla 2:0 hesabı ilə qalib gəlib. Qrupun digər görüşündə Münhenqladbax ”Borussiya”sı evdə İngiltərənin “Mançester Siti” klubuna 1:2 hesabı ilə məğlub olub.

Xəbər 655 dəfə oxundu.