Bu gün qitə çempionatı start götürür: Xorvatiya
Bu gün start götürən futzal üzrə qitə çempionatının ev sahibi olan Xorvatiya final mərhələsini təşkil etmək üçün Belçika və Makedoniya ilə rəqabət aparıb. 2010-cu il martın 24-də UEFA İcraiyyə Komitəsinin İsrail paytaxtı Tel Əvivdə keçirilən iclasında xorvatlar səsvermədən qalib ayrılıblar. Yeri gəlmişkən, dalbadal 3 dəfə namizədliyini irəli sürmüş Belçika özü, nəhayət, Avropa çempionatını keçirmək şansını qazanıb. 2014-cü ilin həlledici mübarizəsi bu ölkədə təşkil olunacaq.

İdman.com.az saytının məlumatına görə, 1991-ci il iyunun 25-də müstəqilliyini elan etmiş Xorvatiyada futzalın inkişafı da elə bu dövrdən sonra başlayıb. 1994-cü ildə İtaliya seçməsinə 1:4 hesabı ilə uduzan bu Balkan ölkəsinin dəri top ustaları sonrakı 3 qarşılaşmada qalib gəlib. Yaponiyanı 18:4 və Polşanı 11:4 hesabı ilə məğlub edən xorvatların o vaxt İspaniyanı da yenməsi (3:1) indi çoxlarına qəribə gələ bilər. Amma elə həmin illərdə xorvatlar qitə arenasında tanınırdılar. 1999 və 2001-ci illərdə onlar qitə çempionatının final mərhələsində iştirak ediblər. 2000-ci ildə isə həm də dünya çempioantının finalçıları sırasında olublar. Bu yarışda həm də ikinci mərhələyə qədər irəliləyə biliblər.

Adriatik dənizi sahillərində yerləşən və qalstukun vətəni sayılan Xorvatiya unitar dövlətdir. Quruluşuna görə prezident idarəçilik forması ilə parlament respublikasıdır. Əhalisinin sayı 4 milyon 290 min, ərazisi 56594 kv. km-dir.
Müstəqillik əldə etdikdən sonra ölkə bütün olimpiya oyunlarında iştirak edərək 27 medal əldə edib. İsti iqlimi olan ölkə sayılsa da, Xorvatiyada qış idmanı növləri, ələlxüsus da dağ xizəyi, biatlon və bobsley də məşhurdur. Xorvatların qış olimpiadalarında 10 medalı var.

İlk idman təşkilatı 1903-cü ildə yaranmış Xorıvatiyada ən populyar idman növləri sırasında futbol da var. Bu ölkənin milli komandası 1998-ci il dünya çempionatında sürpriz edərək 3-cü yeri qazanıb.

Xəbər 1071 dəfə oxundu.