Avroliqada Rusiya klubu ilə qarşılaşacaq “Qəbələ” komandası son məşqini “Kuban” stadionunda keçirəcək
UEFA Avropa Liqası yarışlarının qrup mərhələsinin ikinci turunda Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşacaq “Qəbələ” komandası oyunun hazırlıqlarını davam etdirir.

Qısa istirahətdən sonra məşqlərini bərpa edən “Qəbələ” komandası Bakıda iki gün məşq edib. Bakı Olimpiya Stadionunda keçirilən hazırlıqlarda zədəli Rafael Santos istisna olmaqla bütün futbolçular iştirak edib.

Roman Qriqorçukun yetirmələri hər iki məşq zamanı toplu çalışmalara üstünlük verib. Bununla da paytaxtdakı hazırlığını yekunlaşdıran komandamız Rusiyanın Krasnodar şəhərinə yola düşüb. Oyundan əvvəl son məşq də qarşılaşmanın baş tutacağı “Kuban” stadionunda keçiriləcək. “Qırmızı-qaralar” bu arenaya Bakı vaxtı ilə saat 22:00-da çıxacaq.

İkinci turun oyunları oktyabrın 1-də keçiriləcək. “Qəbələ”nin “C” qrupunda “Krasnodar”la səfər oyunu Bakı vaxtı ilə 00:05-də start götürəcək. Matçı polşalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Marçin Borski olacaq.

Xəbər 669 dəfə oxundu.