Mişel Platini Yozef Blatterin işinə görə FİFA prezidenti seçkilərində namizədliyini geri götürmək niyyətində deyil
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platini bildirib ki, FİFA-nın indiki rəhbəri Yozef Blatterə açılmış cinayət işinə görə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti seçkilərində namizədliyini geri götürməyə hazırlaşmır.

“R-Sport” agentliyi Mişel Platinidən sitat gətirib: “Mən əvvəlki kimi FİFA prezidenti seçkilərində iştirak etmək əzmindəyəm”.

İsveçrə Ədliyyə Federal Bürosu sentyabrın 25-də Yozef Blatterə cinayət işi açıb. FİFA-nın başçısı M.Platiniyə qanunsuz olaraq iki milyon İsveçrə frankı ödəməkdə şübhəli bilinir. Fransız isə bildirib ki, bu ödəmə qanuna uyğun olaraq müqavilə əsasında aparılıb.

Çərşənbə axşamı İsveçrə prokurorluğu müəyyən edib ki, FİFA-da korrupsiya üzrə cinayət işində M.Platininin statusu şahid və ittiham olunan arasındadır

TASS agentliyinin məlumatına görə, İsveçrənin Baş prokuroru Mixael Lauber UEFA-nın mənzil qərargahında axtarış keçiriləcəyini də istisna etməyib. O deyib: “Mən bu işdə həqiqətin kökünü tapmaq üçün əlimdən gələni edəcəyəm”.

Yozef Blatter özü təsdiq edib ki, ona açılmış cinayət işinə görə postunu müəyyən edilmiş tarixdən əvvəl tərk etməyə hazırlaşmır.

1998-ci ildən FİFA-ya rəhbərlik edən 79 yaşlı isveçrəli bu il mayın 29-da beşinci müddətə həmin vəzifəyə seçilib. O, seçkidə İordaniya şahzadəsi Əli bin əl-Hüseynə qalib gəlib, lakin böyük korrupsiya qalmaqalına görə iyunun 2-də vəzifədən getdiyini bəyan edib.

FİFA prezidenti vəzifəsinə seçkilər 2016-cı il fevralın 26-da Sürixdə keçiriləcək. Mişel Platini və Əli bin əl-Hüseyn bu posta rəsmi namizədlərdir.

AZƏRTAC

Xəbər 773 dəfə oxundu.