AZAL yenidən Şüvəlana qayıdır
“AZAL Arena”nın süni örtüklü meydançasında yaranan problem üzündən Topaz Premyer Liqasının oyunlarını “Dalga Arena”da keçirən AZAL yenidən doğma stadiona qayıdır. Avqustun əvvəllərindən idman qurğusunda aparılan cari təmir işləri yekunlaşıb.

Artıq meydanda olan nasazlıqlar ardan qaldırılıb. Yaxınlarda xaricdən dəvət olunan əcnəbi mütəxəssis də görülən işlərdən razı qalıb. Onun verdiyi müvafiq təlimatlara tam əməl olunub. 2010-cu ildə bu süni örtüyü meydançaya döşəmiş Hollandiyanın “EDEL GRASS” şirkətinin baş mütəxəssisi Berri Bey iki həftə əvvəl “AZAL Arena”nın təftiş edərək labarator müayinə üçün meydandan nümunələr götürmüşdü. Otun keyfiyyətinin və ölçülərinin müfaviq normalara cavab verdiyini bildirən hollandiyalı mütəxəssis keyfiyyətdən düşən rezin qum dənəcəklərinin dəyişdirilməsini və stadiona gündəlik xidmətin səviyyəsinin yaxşılaşdırılmasını məsləhət görmüşdü. Bu səbəbdən, 10 tona yaxın yeni rezin dənəciklər səpilib və müydanın suvarılma intensivliyi artırılıb. Bundan başqa yüklənmənin səviyyəsi əhəmiyyətli dərəcədə azaldılıb və bir neçə komandanın məşqləri, oyunları başqa stadiona keçirlib. İndi “AZAL Arena”da yalnız əsas komanda təlim keçir.

Stadionda cari təmir işləri başa çatdıgı üçün klub rəhbərliyi xüsusi komissiya tərəfindən təftiş aparılması üçün PFL-ə rəsmi müraciət edib. Artıq PFL tərəfindən razılıq verildiyinə görə, Premyer Liqanın 7-ci turunun AZAL - “Rəvan” matçı Şüvəlanda keçiriləcək.

Xəbər 728 dəfə oxundu.