AFFA “Sumqayıt” və “Kəpəz”in məşqçisinə 5 oyunluq cəza verdi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının VI turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar çıxarılıb.

“İnter” – “Kəpəz” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Gəncə təmsilçisi 1000 manat cərimə olunub. Meydan sahibləri ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan futbolçusu Dieqo Martinsə görə 200 manat ödəyəcək. Braziliyalı isə növbəti turu buraxacaq.

Oyun başa çatdıqdan sonra “Kəpəz”in məşqçisi Xaliq Mərdanov hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb. Bu üzdən qərblilər 5000 manat cərimə ödəməli olacaq.

“Qarabağ” – “Neftçi” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün bakılılar 1000 manat ziyana düşüb. Matçın 62-ci və 89-cu dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. Görüşün 90+3-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün Ağdam təmsilçisi 1000 manat ödəyəcək.

“Sumqayıt” – AZAL matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat xərcə düşüb. Qarşılaşmanın 62-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan Bəxtiyar Həsənalızadə “Sumqayıt”ı daha 200 manat ziyana salıb. Futbolçunun özü isə 1 oyunluq cəzalanıb. Görüş başa çatdıqdan sonra “Sumqayıt”ın məşqçisi Mübariz Orucov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq kənarlaşdırılıb. O, klubunu 5000 manat cəriməyə məruz qoyub.

Xəbər 713 dəfə oxundu.