1001-ci Qran-Pri: Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi keçirildi
“Mercedes” komandası rekorda imza atdı

Bakıda Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi, SOCAR Azərbaycan Qran-Pri yarışları uğurla başa çatdı. Dünyanın ən maraqlı treklərindən hesab olunan Bakı trasında baş tutan məşhur avtomobil yarışlarının builki mövsümünün dördüncü mərhələsi Formula 1 yarışı həvəskarlarına unudulmaz anlar bəxş etdi. Öncə onu qeyd edək ki, şəhər trasları arasında unikallığına görə diqqət çəkən Bakı trekində indiyədək keçirilmiş dörd yarış Formula 1 tarixində proqnozlaşdırılması çətin və ən xaotik yarışlardan biri olmuşdur.

Bu il sayca 1001-ci Qran-Pri olan Formula 1 yarışı Azərbaycanda dördüncü il idi ki, təşkil olunurdu. Aprelin 26-28-də baş tutan yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda qatılmışdı. “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasında Sebastian Fettel, Karls Lekler, “Williams”ın heyətində Corc Russell və Robert Kubitsa yarışdılar. “Red Bull Racing” komandasında Ryer Qasli, Maks Ferstappen, “Racing Point”də Serxio Peres və Lens Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə apardılar. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”da Antinio-Covinatsi, Kimi Raykonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak etdilər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandasının idman şərəfini qorudular.

Qələbəyə yaxın olanlar

Xatırladaq ki, Bakıda 2016-cı ildə keçirilən birinci yarışda – Formula 1 Avropa Qran-Prisində “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberq, 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının avstraliyalı pilotu Daniel Rikkardo, ötənilki Qran-Pridə isə “Mercedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton qələbə qazanmışdılar. Qaliblərdən Rozberq 2016-cı ildə Avropa Qran-Prisində qələbə qazandıqdan sonra həmin mövsümün sonunda karyerasına son vermişdi. 2017-ci ilin qalibi Daniel həmin ildə yarışa 10-cu yerdə başlamışdı və qalib olmuşdu. Lakin bu dəfə “Renault” komandasının buna nail olması imkansızdı. Bu dəfə isə Valtteri Bottas, Luis Hamilton, Sebastian Fettel və Karls Lekler yarışın əsas favoritlərindən idi. Qələbəyə yaxın olanlar arasında ”Red Bull”a gəlincə, ötən il bu komandanın pilotları ən uzun sürətlənmə düzlüyünün sonunda döngəyə yaxınlaşarkən toqquşmuşdular və hər ikisi yarışı başa vura bilməmişdi. Bu yarış “Red Bull”un bu mövsümdə indiyədək qələbə qazana bilmək şansı ən yüksək olan Qran-Prisi hesab olunurdu. “Willams” üçün də bu Qran-Pri mövsümü ən uğurlu hesab olunurdu, lakin ən uğursuz uik-endi məhz onlarda oldu. Belə ki, komandanın pilotu Corc Russellin bolidinin birinci sərbəst yürüşün 13-cü dəqiqəsində düz yolda drenaj lükünə ilişərək sıradan çıxması, bolidin diffuzorunun dağılması iştirakçının yarışı dayandırmasına səbəb oldu. Xatırladaq ki, bu, yarışın direktoru Çarli Uaytinqin olmadığı vaxtdan sonra baş verən ilk ciddi insident idi. Təsnifat yarışında isə Russelin tərəfdaşı olan, ilk dəfə bu trasda çıxış edən Robert Kubitsanın bolidinin baryerə çırpılması nəticəsində komandanın pilotları yürüşü dayandırmalı oldular və qalibdən iki dairə geri qaldılar. Robert Kubitsanın bütün uik-end ərzində əyləclərlə problemlər yaşaması, bu səbəbdən də tormozlamanın yalnız bolidin bir tərəfində mümkün olması və yürüşün lap başlanğıcında az qala divara çırpılmasından son anda yayına bilməsi yarış ərzində diqqətdən yayınmadı. Nəzərə alaq ki, Bakı trasında divarlar çox yaxındır, belə vəziyyətdə ilişmələri pis olan bolidi idarə etmək bir o qədər də çətin olur. “Racing Point” komandası bu yarışa ümidlə gəlsə də, pilotu Lens Stroll yarışın ilk günündə idarəetməni itirərək bolidi baryerə çırpdı. Bolid yarasız hala düşdüyündən pilot mübarizə apara bilmədi. Ferrari” komandasının pilotu Karls Leklerə gəlincə, onun 2017-ci ildə Formula 2 yarışından bir neçə gün əvvəl atasının ölümünün verdiyi dərin hüznə baxmayaraq qələbə qazanması və 2018-ci ildə Formula 1 Azərbaycan Qran-Prisindəki ilk çıxışında “Sauber” pilotu olaraq yarışı 6-cı yerdə başa vurması onun yaxşı forumda olduğunu göstərirdi. Ən əsası isə, “Ferrari”nin düzlüklərdəki yüksək sürəti və döngələrdəki inkişaf etmiş performansı pilotlarının yarışda uğur qazanma şanslarının yüksək olduğuna əminlik yaradırdı. Yarışın 3-cü sərbəst yürüşündə “Ferrari” komandasının pilotları gözlənilən uğuru qazansa da, 8-ci dairədə qəza törətməsi Karlsa baha başa gəldi və təsnifat yürüşündə idarəetməni itirməsi nəticəsində bolidi baryerə çırpıldı və o, mübarizəni erkən dayandırmalı oldu. Əldə etdiyi nəticə isə, pilota ən azı podiuma qalxmaq üçün uik-endin sonunda zəif təsəlli oldu.

1001-ci Qran-Pri poulusunu Valtteri Bottas qazandı

Bakıda keçirilən Formula 1 yarışlarında hər dəfə poula fərqli pilot yiyələnib. 2016-cı ildə Niko Rozberq, 2017-ci ildə Luis Hamilton və 2018-ci ildə Sebastian Fettel sıralanma turunda ən sürətli nəticə göstərərək yarışa ən öndə start vermişdi. İki yubiley (2014-cü il Bəhreyndə təşkil olunan 900-cü və mart ayında Çində təşkil olunan 1000-ci) Qran-Prisinin qalibi olan və ilk pilot kimi tarixə düşən Luis Hamiltonun və “Ferrari” komandasının pilotu Sebastian Fettelin poula yiyələnməsi təbii ki, azarkeşləri üçün sürpriz olmayacaqdı. Xatırladım ki, Fettel Bakıda indiyədək keçirilmiş hər üç Qran-Pridə qriddə yarışa ilk dördlükdən başlamış yeganə pilotdu. Hamiltonun ötən il Bakıda keçirilən Qran-Pridə yarışın sonlarına doğru Bottasın yaşadığı təkərin deşilməsi problemindən sonra qələbəyə yiyələnmişdi. Keçən ilki yarışı Bottas 1-ci yerdə bitirsəydi, həmin mövsümün ilk qələbəsinə yiyələnəcəkdi. Lakin həmin vaxt o buna nail ola bilməmişdi. Onun mart ayında keçirilən Çin Qran-Prisində poula yiyələnməsi Bakıya yüksək əhval-ruhiyyədə gəlməsinə təkan vermişdi. Qeyd edim ki, pilot Bakıda mübarizə apardığı iki Qran-Pridə yarışa ilk üçlükdə start verib. Beləliklə, cari ildə Formula 1 Azərbaycan Qran-Prisində yarışdan bir gün öncə keçirilən sıralama yürüşündə yüksək abu-havada olan V.Bottas ən sürətli nəticə göstərərək (1 dəqiqə 40,495 saniyə) yarışa ən öndə start verdi və sayca 1001-ci yarışın poulusunu qazandı. Beləliklə, finlandiyalı sürücü karyerasında sayca ikinci dəfə poulunu əldə etdi.

Final günü və yaşanan gərgin anlar

Final günü də qəzalarsız ötüşmədi. Sonuncu yarış günündə “Renault” komandasının sürücüsü Daniel Rikkardo və “Toro Rosso”nun pilotu Daniil Kvyat arasında gərgin anların şahidi olduq. Belə ki, final yarışı günü Qran-Prinin 34-cü dövrəsində D.Rikkardo ötmə əməliyyatını yerinə yetirərkən sürət çox yüksək olduğu üçün dönə bilmədi. Bu səbəbdən Kvyat da dönmədə səhvə yol verdi. Daha sonra geri hərəkət etmək istəyən Rikkardonun bolidi Daniil Kvyatın bolidinə arxadan çırpıldı. Nəticədə hər iki bolid zədələndi və pilotlar mübarizəni erkən başa vurdular. “Red Bull Racing” komandasının pilotu Pyer Qasli bolidinin mühərrikində yaranan problemlə əlaqədar 40-cı dövrədə, “Haas”ın sürücüsü Romen Qrojan isə 41-ci dövrədə yarışı davam etdirə bilmədilər. Digər yürüşçü “McLaren” komandasının pilotu Lando Norris final yarışında bolidi baryerə vurdu və ilk onluqda yer tutmaq şansını riskə atdı. Yekunda isə o, yürüşü 8-ci yerdə bitirməyə nail oldu və Formula 1-in debütantı mövsümdə ikinci dəfə olaraq xal zonasına düşdü. “Mercedes” komandası final günü qazandıqları qələbə ilə Formula 1 üzrə dünya çempionatları tarixində yeni rekorda imza atdı. Belə ki, ilk dəfə olaraq ardıcıl 4 Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vuraraq, 1992-ci ildə bu göstərici üzrə 3 yarışlıq uğura sahib “Williams”a məxsus rekordu qırdı. Təbii ki, “Mercedes”in maşınları daha sürətli olur və onların qələbə qazanması gözləniləndir. Əgər təsnifatın finalında “Ferrari” komandasında Karls Fettel onları qabaqlaya bilsəydi, onda pilot uzun məsafəni medium şinlərlə qət edə bilərdi və qələbə qazanmaq imkanı olardı. Təəssüf ki, hər şey onun üçün çətin oldu, bu il üçüncü dəfə Karls finişə 5-ci çatdı. O, bu yürüşdə ən yüksək yerlər uğrunda mübarizə aparmağa qadir olduğunu bir daha göstərdi. “Racing Point” komandasının pilotu Serxio Peres bugünədək Bakıda keçirilmiş 4 yarışdan 3-də ilk altılığa düşə bilmişdi. Bu dəfə də finişə 6-cı çatdı.O, yürüşü əla keçirdi və “qalanların arasında” ən yaxşısı oldu. Xatırladım ki, Serxio Peres Bakıda iki dəfə podiuma qalxa bilmişdi. “Renault” üçün mövsüm mürəkkəb alındı. Ötən il onlar mövsümü 4-cü yerdə başa vurmuşdular və bu mövsümdə yaxşı nəticələr əldə edəcəklərinə ümid edirdilər. Lakin 4 yürüşdən sonra ciddi səhvlərinin olması, onları 7-ci pillədə qərarlaşmasına səbəb oldu. Beləliklə, 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə uğurla başa vuran Valtteri Bottas bu mövsüm ikinci dəfə finiş xəttinə birinci çatdı. Cari mövsümdə ilk qələbəsini Avstraliya Qran-Prisində qazanan finlandiyalı pilotun karyerasında bu 5-ci qələbəsi idi. O, 4 mərhələnin yekununda 87 xalla pilotların mübarizəsinə liderlik etdi. Onun komanda yoldaşı Britaniyalı pilot Luis Hamilton (86 xal ) isə komanda yoldaşından 1.524 saniyə geri qalaraq yarışı ikinci, “Ferrari” komandasının sürücüsü Sebastian Fettel (52 xal, 11.739 saniyə) üçüncü bitirdilər. Fettel indiyədək Bakıda baş tutmuş bütün “Formula 1” yarışlarını ilk dördlükdə də bitirmiş və bu yarışların heç birində ilk ikilikdə yer ala bilməmişdi.

Qeyd edək ki, konstruktorların yarışında isə “Mercedes” komandası 173 xalla birinci, “Ferrari” komandası ikinci (99 xal),“Red Bull Racing Honda”nın üçüncü (64 xal) sıradadır.

Kimlər yarışdan xal qoparda bildi?

Ötənilki Azərbaycan Qran-Prisindən sonra keçirilmiş yarışlar ərzində “McLaren” komandasının hər iki pilotu ilk dəfə bu yarışda sona qədər mübarizə apararaq xala yiyələndi. “Racing Point” komandasının pilotu Lens Strollun cari mövsümdə sıralanma turunun 1-ci mərhələsindən keçə bilmədən yarışı ilk “10-luq”da bitirmiş və bu Qran-Pridə xala yiyələndiyi 2-ci yarışı idi.“Williams” komandası pilotlarından hər ikisi də cari mövsümdəki yarışlarda axıracan mübarizə aparmaqla rekord göstəriciyə imza atdılar və komanda pilotları bu yarışlarda ardıcıl olaraq sonuncu 2 yerə yiyələndi. Bu da rekord göstərici idi. “Alfa Romeo” komandasının pilotu Kimi Raykkonen indiyədək Bakıda baş tutmuş bütün Formula 1 yarışlarında ən güclü üç komandanın təmsilçiləri xaricində xala yiyələnən yeganə pilotdur.“Haas” komandasının pilotu Romen Qrojan indiyədək Bakıda keçirilmiş bütün “Formula 1” yarışlarını uğurla başa vursa da, xala yiyələnə bilməmişdi. “Toro Rosso” komandasının pilotu Daniil Kvyat isə bugünədək paytaxtımızda baş tutmuş 4 Qran-Pri yarışından heç birini axıracan tamamlaya bilməmişdi.

Ən sürətli pit-stopu “Ferrari” mexanikləri yerinə yetirdilər

Bakı yürüşləri zamanı “Ferrari” komandasının mexanikləri 2,27 saniyə ərzində Karls Leklerin bolidinə xidmət etməklə ən sürətli pit-stopu yerinə yetirdilər. Bu, italyan komandasının cari mövsümdə ilk qələbəsidir. Bundan əvvəlki üç mərhələdə ən sürətli pit-stopa “Red Bull Racing” komandasının mexanikləri nail olmuşdular. Lakin Maks Ferstappenin pit-stopu Bakı Qran-Prisində hətta ilk onluğa belə düşmədi. Azərbaycan mərhələsində sürətinə görə ikinci pit-stopu “McLaren” komandasının mexanikləri icra etdilər. Onlar Karlos Sayntsın bolidinin təkərini 2,31 saniyə ərzində dəyişdilər. Bu göstərici üzrə üçüncü nəticə 2,32 saniyə ilə Luis Hamiltondadır.
Podiuma qalxmaq Stüart Qrinə nəsib oldu.

Bakıda indiyədək keçirilmiş 3 yarışda meksikalı pilot Serxiyo Perez iki dəfə (2016 və 2018) podiuma çıxmış və bu göstərici ilə o, Bakıdakı yarışlarda ən çox podium qazanmış Formula 1 pilotudur. Perezin “Raching Point”-dəki yeni komanda yoldaşı Lens Strol da 2017-ci ildə Bakıda podiuma çıxa bilmişdi. Bakıda növbəti dəfə bu şərəf mexanik Stüart Qrinə nəsib oldu.

Formula 2 qalibləri də müəyyənləşdi

Bakıda həmin gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 üzrə yarışın qalibləri də müəyyənləşdi. Yarışda hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə apardı. Pilotlar Bakı Şəhər Halqasında 23 dövrə vurdular. Formula 2 üzrə birinci yarışda “Campos Racing” komandasının pilotu Cek Aitken birinci, “ART Grand Prix”dən Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq isə üçüncü yerə sahib oldular. Gərgin idman mübarizəsinin ikinci yarışının yekununda “DAMS” komandasının pilotu kanadalı Nikolas Latifi birinci, “Charouz”un amerikalı sürücüsü Xuan Manuel Korrea yarışı ikinci, “Campos Racing”in ingiltərəli pilotu Cek Aitken isə üçüncü pillədə başa vurdular. Mükafatları qaliblərə Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Formula 1 yarışlarının ölkəmizdəki təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov təqdim etdilər.

Qeyd edək ki, Formula 1 üzrə növbəti Qran-Pri mayın 10-12-də İspaniyada keçiriləcək.


Aynurə PƏNAHQIZI

Xəbər 879 dəfə oxundu.