“Sumqayıt” futbol klubunun komandası AZAL ilə qarşılaşıb
Topaz Premyer Liqasında 6-cı turun oyunları keçirilib. “Sumqayıt” “Kapital Bank Arena”da AZAL-I qəbul edib.

“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən bildirilib ki, oyunda hesabı komanda üzvü Ağabala Ramazanov açsa da, 90+4-cü dəqiqədə Aleksandr Qurili hesabı bərabərləşdirib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyundan sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib: “Biz oyuna ciddi hazırlaşıb, uğursuz seriyaya son qoyub, qələbə qazanmaq istəyirdik. Demək olar ki, qələbə qazanmağa yaxın idik. Amma son anda 1 xalla kifayətləndik. Oyunçulardan razıyam. Hesab edirəm ki, maraqlı oyun alındı”.

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov isə qeyd edib: “İki fərqli hissə izlədik. İlk hissədə komandamı tanıya bilmədim. Amma ikinci hissədə əzmkarlıq vardı. Komanda ayıldı. Düşünürəm ki, bu oyunla vəziyyəti dəyişdik. Həm qol vurduq, həm də xal qazandıq. Buna görə futbolçulara təşəkkür edirəm. “Sumqayıt”la oyuna qədər də yaxşı futbol sərgiləyirdik. Bu dəfə həm yaxşı oyun sərgilədik, həm də xal əldə etdik”.

Xəbər 702 dəfə oxundu.