80 yaşın mübarək və 100 yaşa, “İdman
Nə xoş təsadüf! Respublikamızda idman mətbuatının ağsaqqalı “İdman” qəzetinin 80 illik yubileyi olimpiya ili olan 2012-ci ilə təsadüf etmişdir. Nə gözəl təşəbbüs! “İdman”ın əməkdaşları ölkə idmanı üçün çox əlamətdar, tarixi bir hadisə olan yubiley münasibətilə kitab nəşr etməyi qərara almaqla, qəzetin keçdiyi zəngin yol, onun səhifələrində Azərbaycanda bədən tərbiyəsi və idmanın təbliğinə yorulmadan öz töhfələrini vermiş insanları xatırlamaq kimi nəcib bir iş görürlər. Bunun üçün, əlbəttə, qəzetin rəhbərliyinə, bütün kollektivinə “Çox sağ olun!” demək lazımdır. Nəhayət, nə yaxşı xəbər! Bu qeydləri qələmə aldığım yanvar günlərindən birində Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci il Azərbaycan Respublikasında “İdman ili” elan olunmuşdur.

Düz 44 ildir idman jurnalistikasındayam. Az qala yarım əsrə bərabər bir dövrdür. Mənim üçün xüsusilə yaddaqalan bir məqamdır ki, həmin 44 ilin nə az, nə də çox - 27 ilini (1968-dən 1995-dək) ötən əsrin 60-70-ci illərində Bakının mərkəzində, o zamankı Myasnikov, 9 ünvanında, keçmiş “Nərgiz” kafesi yaxınlığında dörd-beş kiçik otaqda yerləşən, sonralar, - 80-ci illərin əvvəlində isə indiki Mətbuat prospektində yeni inşa edilmiş binaya köçüb, burada “Azərbaycan müəllimi” və “Ədəbiyyat və incəsənət” qəzetlərinin redaksiyaları ilə 9-cu mərtəbədə mehriban qonşuluq edən, üstəlik də, “bütün meydança boyu sərbəst oynamaq” imkanı qazanan, yəni otaqlarının sayı iki dəfədən də çox artan, deməli, həm də iş şəraiti xeyli yaxşılaşan “İdman” qəzeti redaksiyasının divarları arasında keçirmişəm. Taleyimə də həmişə minnətdar olmuşam ki, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universitetinin) 1968-ci il məzunu kimi, ispan dili mütəxəssisi ola-ola, idman jurnalistikasına gəlib-çıxmış, üstəlik də, “İdman” kimi sevimli, şan-şöhrətli bir qəzetdə fəaliyyətə başlamış, burada əsl məktəb keçmişəm.

Mənə sıralarında çalışmaq xoşbəxtliyi nəsib olmuş “İdman”, sözün əsl mənasında, idman qəzeti idi : peşəkarlığı, hadisələrə operativ münasibəti, dəqiq hesabatları, rəngarəng və dolğun yazıları, oxucularla fəal əlaqələri və s. ilə. Bu qəzetdən kimlər gəlib keçməyib! Çox təəssüf ki, vaxtilə “İdman”da çalışmış həmkarlarımın bir çoxu bu gün həyatda yoxdur. Amma nə etmək olar, tale heç kimə güzəştə getmir. Hər bir kəs nə vaxtsa bu gözəl həyatda son addımını atıb dayanmalı olur.
Uzun illər ərzində “Azərbaycan bədən tərbiyəçisi” - “Fizkulturnik Azerbaydjana”, sonralar isə “İdman” - “Sport” adlanan qəzetdə əməkdaşlıq edib, həyatlarının bəlkə də ən yaxşı illərini bu kollektivdə keçirmiş insanlar haqqında kifayət qədər geniş söhbət açmaq olar. Onların böyük əksəriyyətinin “İdman”da fəaliyyəti qəzetə Mirpaşa Miriyev - Aqşin Kazımzadə tandeminin rəhbərlik etdiyi dövrə təsadüf etmişdir.

“İdman”ın bir çox digər əməkdaşları, nisbətən qısa dövrdə olsa da, müxtəlif illərdə qəzetə rəhbərlik etmiş, əvvəllər bir çox il ərzində “Baku” qəzetində çalışmış, Respublika Dövlət İdman Komitəsi sədrinin müavini olmuş Oqtay Atayev, redaksiyamıza Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsindən gələn Arif Şəfizadə, tanınmış jurnalistlər Paşa Əmirov, Telman Fərəcov, Elman Cəfərli, Məzahir Süleymanzadə, Əlipənah Bayramov, Abbas Əzimov, Zahir Zahirov, Rafiq Sədrəddinov, Xədicə Orduxanova, Anatoli Şilyayev, Vladlen Busalayev, Vladimir Koqanov, fotomüxbirlər Faiq Rəcəbli, Əhməd Abdullayev, Gennadi Malyov və bir çox başqaları da bu qəzetin tarixində dərin iz buraxmışlar. Əksəriyyətimizin də “İdman”da keçən həyatı M.Miriyev və A.Kazımzadə ilə daha çox bağlı olmuşdur.

Mirpaşa Miriyev düz 37 il “İdman”ın dəyişməz “kapitan”ı olmuş və bu müddət ərzində “komanda”sını yorulmadan, təmkinlə, əsl qayğıkeşliklə qələbədən qələbəyə aparmış, sonralar respublikamızın hüdudlarından kənarlarda da tanınan neçə-neçə həmkarım üçün idman jurnalistikasına gözəl yol açmışdır. “Miriyev məktəbi”nin yetirmələrindən biri kimi, mənə də ilk xeyir-dua, həyat vəsiqəsi verən məhz Mirpaşa müəllim olmuşdur. Onun əmri ilə “İdman” qəzetində işə qəbul olunduğum gün indiki kimi yadımdadır - 1 iyul 1968-ci il.
Mülayim təbiətli, xoşrəftar bir insan olan M.Miriyev xeyirxah redaktor idi. 25 ilə yaxın bir müddətdə - 1963-cü ildən 1987-ci ilədək redaktor müavini kimi onunla çiyin-çiyinə Azərbaycan idmanının təbliğinə və çiçəklənməsinə xidmət etmiş, sonralar özü də bir müddət redaktor olmuş Aqşin Kazımzadə bir dəfə söhbət əsnasında mənə demişdi ki, “gözümü açandan onu tanıyıram, heç kimə pislik etməyib, əksinə, neçə-neçə adama çörək verib”.

Təkrar edim, otuz yeddi il, 1950-ci ildən 1987-ci ilədək “İdman”ın redaktoru olan və elə buna görə də rekordçu redaktor adlandıra biləcəyimiz Miriyevin rəhbərlik etdiyi qəzet respublikanın bütün idman ictimaiyyətinin rəğbət və məhəbbətini qazanmışdı. “İdman” bahalı qəzet olmasına baxmayaraq (qiyməti 3 qəpik idi), onu almaq üçün qəzet köşklərinə səhər tezdən tələsmək lazım idi. Bir qədər gecikəndə, o gün “İdman”sız qalacaq, onu heç 5 qəpiyə də ala bilməyəcəkdin. İki dildə nəşr olunan və gur vaxtlarında ümumi tirajı 120-130 min nüsxəyə çatan “İdman” - “Sport” məktəblidən, fəhlədən tutmuş, yüksək vəzifəli şəxslərədək hamının sevimli qəzeti idi. Bu qəzetə abunə yazılmaq üçün heç bir təbliğat aparmaq lazım gəlmirdi. Əksinə, adamlar özləri redaksiyamıza gələr və qəzetimizə abunə yazılmaqda onlara kömək etməsini redakotrdan xahiş edərdilər. Bunu isə qəzetin yüksək səviyyəsinin və onun kollektivinin idman aləmində baş verən hadisələrə peşəkar və operativ münasibətinin əsl meyarı kimi qiymətləndirmək olardı.

“Miriyevin komandası” say-seçmə jurnalistlərdən ibarət idi. “Kapitan” heyətə idmanın incəliklərinə yaxşı bələd olan “oyunçular” - idman ustaları, respublika və Ümummittifaq dərəcəli hakimlər cəlb edirdi. Belələrinin hesabatlarında isə qeyri-dəqiqlikdən söhbət gedə bilməzdi. Bir sözlə, M.P.Miriyev (o, qəzeti məhz bu cür imzalayırdı) uzun illər ərzində “İdman”ın sükanı arxasında dayanmağa layiq idi və onu məharətlə idarə etmişdi.

Yaddaşımızda müdrik şəxsiyyət kimi qalmış Mirpaşa müəllim qəzetdən ayrıldıqdan sonra da idmandan uzaqlaşmamış, bir müddət “Neftçi” İdman-Sağlamlıq Mərkəzi sədrinin müavini kimi, Azərbaycan idmanının daha da inkişafına bacardığı köməyi göstərmişdir.

Əməkdar jurnalist, Prezident təqaüdçüsü Mirpaşa Miriyev kimi, Aqşin Kazımzadənin də coşğun yaradıcılığının böyük hissəsi “İdman” - “Sport”da keçib. Bu sadə və xeyirxah, eyni zamanda, prinsipial və qətiyyətli insan idmanı sevən və bütün varlığı ilə ona bağlı bir şəxsiyyət idi. O, Azərbaycanda idmanın təbliğinə və inkişafına böyük fayda vermiş və cəsarətlə belə bir qənaətə gələ bilərik ki, bu sahədə xidmətləri hətta ən məşhur mütəxəssislərin də xidmətlərindən az olmamışdır. Aqşin müəllimi fərqləndirən başlıca xüsusiyyət tələbkarlığı və təşəbbüskarlığı, hadisələrə operativ münasibəti, ətrafındakılarla daim xoş ünsiyyətdə olması və istənilən halda öz dəyərli məsləhətləri ilə onların köməyinə gəlməsi idi.

Əsl peşəkar jurnalist kimi böyük nüfuz qazanan A.Kazımzadə, hələ 1960-cı ildə, indi Dövlət Neft Akademiyası adlanan Azərbaycan Sənaye İnstitutunu bitirib mühəndis diplomu alsa da, idman jurnalistikası onu özünə daha çox cəlb etmiş və həyatının son günlərinədək idmanımızın qələbə və problemlərini işıqlandırmaqda davam etmiş, ona mümkün qədər çox fayda vermək üçün bir an belə qüvvə və bacarığını əsirgəməmişdir.

Aqşin müəllim təkcə Azərbaycanda deyil, bütün dünyada baş verən idman hadisələrini daim diqqət mərkəzində saxlayır, onlar haqqında qəzetin elə növbəti nömrəsində operativ məlumatlar verilməsini başçılıq etdiyi kollektivin borcu hesab edirdi. Özü də daim əsl gənclik həvəsi ilə yaşayıb-yaradırdı. İrili-xırdalı minlərlə yazının müəllifi olmuş Aqşin Kazımzadə 5 Olimpiadanı - 1968-də Mexiko, 72-də Münhen, 76-da Monreal, 80-də Moskva və 2008-ci ildə Pekin olimpiadalarını birbaşa hadisə yerində izləmiş, onların hər biri barəsində zəngin təəssüratlarını oxucularla bölüşmüşdür. Mən hələ onun futbol, güləş, voleybol, velosiped idmanı, fiqurlu konkisürmə, şaybalı xokkey və digər növlər üzrə dünya çempionatlarında, dünya şahmat tacı uğrunda matçlarda, SSRİ xalqlarının spartakiadalarında, Sovet İttifaqı çempionatlarında iştirakını demirəm. Təsadüfi deyil ki, səmərəli fəaliyyətinə, idmanımıza verdiyi töhfələrə görə Əməkdar jurnalist adına, “Tərəqqi” medalına, “Qızıl qələm”ə, habelə bir çox başqa mukafatlara layiq görülmüşdü, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) üzvü kimi də böyük hörmət qazanmışdı.
A.Kazımzadə ilə bağlı bir məqam üzərində daha ətraflı dayanmaq istərdim. 1992-ci ilin yayı idi. Barselona olimpiadası ərəfəsindəydik. Respublikamız çətin bir dövrdə yaşayırdı. Ölkədə yaranmış mürəkkəb vəziyyət uzun illər ərzində maliyyə cəhətdən heç bir problemlə üzləşməyən, əksinə, daim gəlirlə işləyən “İdman”dan da yan keçməmişdi. Redaksiyanın bank hesabında, demək olar, vəsait qalmamışdı. Əvvəllər bir gün də gecikmədən, hər ayın 3-ü və 18-i məvaciblərini almağa adət etmiş əməkdaşlarımız, indi maaşlarını çətiniliklə ala bilirdilər. Odur ki, bəziləri artıq özlərinə yeni iş yeri axtarmaq barədə düşünürdülər. Digər tərəfdən, qəzet buraxmaq üçün kağız tapmaq müşkül məsələyə çevrilmişdi. Üstəlik də, həmin illərdə nadir hallarda yarışlar keçirilirdi. Yarış olmayanda isə, təbii ki, material hazırlamaq da asan olmur.

Belə mürəkkəb vəziyyətdə bir səhər Aqşin müəllim əməkdaşları otağına dəvət edib “Olimpiada başlayır, gərək onu yaxşı işıqlandıraq. Bununla bağlı mənim bir təklifim var: gəlin, qəzeti həftədə 4 dəfə çıxaraq” dedi.
Bu zaman biz təəccüb içində hərə bir yerdən “necə?”, “nə ilə?”, “bacararıqmı?” dedik. Aqşin müəllim isə yüngülcə gülümsəyib, suallarımızı “bacararıq, təki istək olsun” sözləri ilə cavablandırdı.
Doğurdan da bacardıq. Həmin il “İdman” bir neçə ay ərzində həftədə 4 nömrə ilə işıq üzü gördü. Əvvəllər isə heç vaxt belə bir hal olmamışdı. Elə həmin 92-ci ildən sonra da. Bununla da “İdman”ın kollektivi Aqşin Kazımzadənin təşəbbüsü və rəhbərliyi ilə gözəl ənənələrə malik qəzetin tarixinə daha bir unudulmaz səhifə yazdı.

2011-ci il iyunun 10-da isə Aqşin müəllimin özü əbədiyyətə qovuşub, tarixə çevrildi. İdman jurnalistikamız daha bir ağsaqqalını itirdi. Əfsus ki, o, daha idmanla nəfəs almır, daim böyük zövq aldığı Azərbaycan idmanının qələbələrinin sevincini yaşamır...

Xəbər 3273 dəfə oxundu.