“Sərhədçi” İdman Olimpiya Mərkəzində qarışıq döyüş növləri üzrə Beynəlxalq turnir keçiriləcək
Sentyabrın 25-də Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Pankration, Qrappling və MMA Federasiyasının təşkilatçılığı ilə Beynəlxalq turnir keçiriləcək.

Turnirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, ABŞ və Türkiyədən tanınmış qarışıq və qaydasız döyüş ustaları iştirak edəcəklər. Onların arasında dəfələrlə dünya çempionu və müxtəlif turnirlərin qalibi olmuş Cef Monson, Georgi Barkala, Mehmet Özer və Jalqqasiy Jumageldi kimi məşhur idmançılar var. Həmçinin bir sıra xarici ölkələrin federasiya rəhbərləri də turnirə qonaq kimi qatılacaq.

Qarışıq döyüş növləri (MMA) üzrə beynəlxalq turnirdə ölkəmizi Azərbaycan milli yığma komandasının üzvlərindən Tofiq Musayev (77 kq), Vüqar Kərəmov (71 kq), Aqşin Babayev (66 kq), Fuad Qədirov (93 kq) və Teymur Mehdiyev (93 kq) təmsil edəcəklər.

Turnirin ən maraqlı döyüşünün Teymur Mehdiyev və Cef Monson arasında olacağı gözlənilir. Saat 20:00-da başlayacaq görüşləri beynəlxalq dərəcəli hakimlər idarə edəcəklər.

Xəbər 898 dəfə oxundu.