“Qəbələ” komandası qələbə qazandı
Topaz Premyer Liqasının beşinci turuna yekun vurulub. Turun son görüşündə “Qəbələ” komandası “Sumqayıt” klubu ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən və baş hakim Ömər Paşayevin idarə etdiyi oyun meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolun müəllifi Dodoya qarşı kobudluğa görə oyunun 92-ci dəqiqəsində qonaqların qapısına təyin edilən penalti zərbəsini dəqiq yerinə yetirən Aleksey Qay olub.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra keçirilən mətbuat konfransında deyib: “Biz qeydə alınan nəticəyə görə məmnunuq. “Sumqayıt” klubuna qarşı sürətli oyun göstərdik. Komandamız çoxlu hücum edib, rəqibi təzyiq altında saxladı və istəyinə çatdı. Oyunumuzu daha da yaxşılaşdırmaq üçün çalışırıq. Bunu avrokubok və çempionat oyunlarının indiki qrafikində, rəqibdən asılı olmayaraq etməliyik. Bütün oyunlara eyni səviyyədə yanaşmaq üçün qüvvəmizi bərabər bölməliyik”.

Hazırda turnir cədvəlinə 13 xalla “Qarabağ” komandası başçılıq edir. Aktivində 10 xal olan “İnter” və “Qəbələ” klubları ikinci və üçüncü yerləri bölüşürlər.


Xəbər 658 dəfə oxundu.