Prosineçki: "Azərbaycanda istedadlı futbolçular çoxdur"
"İqor Tudorla Xorvatiya yığmasında birgə oynamışıq. Hazırda isə o, PAOK-un baş məşqçisidir. Bakıya "Qəbələ" ilə oyun üçün gəldikləri müddətdə Tudoru ziyarət etdim. Onun parlaq məşqçi karyerası olacağını düşünürəm. Eyni zamanda ümid edirəm ki, Tudor PAOK-da böyük işlər görəcək".

İdman.com.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.

PAOK-dakı həmyerlisi haqda danışan xorvatiyalı mütəxəssis oyunçu karyerasını bitirdikdən sonra futbolda qalmağın gözəl olduğunu bildirib:

"Futbol oynamaq asandır. Ancaq karyeranı bitirdikdən sonra məşqçi və ya digər vəzifənin sahibi kimi futbolda qalmaq gözəldir. Əgər bunu bacarsan, mükəmməl olar. Düşünürəm ki, Tudor da mənimlə razılaşar. Biz ikimiz də peşəkar futbolçular olmuşuq. Lakin hazırda hər ikimiz baş məşqçi kimi fəaliyyət göstəririk. Tudor PAOK-da, mən də Azərbaycan millisində çalışıram. Çox yaxşı işim var. Düşünürəm ki, Tudor da Xorvatiyanın ən yaxşı gənc məşqçilərindən biridir".

Prosineçki Azərbaycandakı işi haqda bunları deyib: "Hazırda Azərbaycanın iki klubu - "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində oynayır. Bu, Azərbaycan kimi ölkə üçün yaxşı haldır. Azərbaycan millisi oyundan-oyuna daha yaxşı çıxış edir. Biz seçmə mərhələnin son 4 matçında - Norveç, Xorvatiya və Malta ilə oyunlarda uduzmamışıq. Azərbaycanda istedadlı futbolçular çoxdur. Sadəcə, daha çox çalışmaq lazımdır".

Xəbər 793 dəfə oxundu.