Bakıda keçirilən şahmat üzrə dünya kubokunun 1/8 finalında Şəhriyar Məmmədyarovun rəqibi amerikalı qrossmeyster olacaq
Bakıda keçirilən şahmat üzrə dünya kubokunda Şəhriyar Məmmədyarovun növbəti rəqibi məlum olub.

Bazar günü dünya kubokunda 1/8 final mərhələsinə start veriləcək.

Nokaut sistemi üzrə keçirilən bu yarışlarda Azərbaycan qrossmeysterinin növbəti rəqibi Kanada nümayəndəsi Anton Kovalyova qalib gəlmiş amerikalı Fabiano Karuana olacaq.

Xatırladaq ki, dünya kubokunun qalibi və finalçısı dünya çempionu adı uğrunda matçda iddiaçıların turnirinə vəsiqə alacaqlar.

Əsas mübarizə iddiaçıların turnirinə iki vəsiqə uğrunda gedir. Həmin turnirdə 8 nəfər iştirak edəcək: Qran-pri seriyasının yekunlarına görə iki ən yaxşı şahmatçı; 2014-cü ildə dünya çempionu adı uğrunda matçın iştirakçısı olmuş Hindistan şahmatçısı Vişvanatan Anand; 2015-ci il dünya kubokunun qalibi və finalçısı; FİDE versiyası üzrə ən yüksək reytinqə malik olan iki şahmatçı və təşkilatçıların fərdi qaydada dəvət etdiyi daha bir şahmatçı.

Dünya kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır. Turnirin qalibi 96 min dollar, finalçı isə 64 min dollar alacaq.

Xəbər 698 dəfə oxundu.