"Kəpəz"in yeni transferi: "Digər variantlarım da var idi"
“Hər şey tez bir zamanda baş verdi, danışıb razılaşdıq. “Kəpəz”ə keçdiyim üçün çox şadam. Digər variantlarım da vardı, amma baş məşqçi Şahin Diniyevlə danışandan sonra Gəncə klubunu seçdim”.

Bu sözləri “Kəpəz”in yeni futbolçusu Rəşad Eyyubov söyləyib. Transferi ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verən futbolçu daha sonra bunları əlavə edib: “”Kəpəz”in böyük tarixi var, bunu bilirəm. Azarkeşi də çoxdu, hər oyun komandanı dəstəkləyirlər. Açığı, hamının yaxşı tanıdığı kluba keçmişəm, məncə, komandanın təqdimata ehtiyacı yoxdur”.

Odessa futbol məktəbinin yetirməsi olan Rəşad Eyyubov 2011-ci ildə tarixi vətəninə gəlib. Həmin vaxt “Kəpəz”də baxışda olan oyunçu sonradan “Simurq”a keçmişdi: “Azərbaycana ilk gəlişimdə “Kəpəz”ə təklif olunmuşdum. İki həftə düşərgədə baxışdan keçdim, yəqin ki, hazır olmadığım üçün komandaya götürmədilər və başqa kluba keçəsi oldum. Tale məni yenidən bu komandaya gətirdi, indi oynamağa və kömək etməyə tam hazıram”.

Xəbər 691 dəfə oxundu.