Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hindistanlı şahmatçıya qalib gələrək yerli azarkeşləri sevindirib
Cümə axşamı dünya kubokunun üçüncü raundunda birinci partiyaların çoxu heç-heçə başa çatıb. 16 oyundan yalnız dördündə qalib müəyyən edilib. Onların arasında Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da var. Məmmədyarovun bu qələbəsi onun azarkeşlərini sevindirib.

Bu görüşdə qara fiqurlarla oynayan Azərbaycan nümayəndəsi hindistanlı Seturaman Panayapan Seturamana qalib gəlib. Karo-Kann müdafiəsində Panov hücum taktikasını seçən Şəhriyar Məmmədyarov debütdən çıxanda üstünlük əldə edib və bu üstünlüyü inamla gerçəkləşdirib. Görüş 41-ci gedişdə başa çatıb.

Üçüncü raundun birinci görüşlərində Azərbaycanın iki nümayəndəsi xalları rəqibləri ilə bölüşüblər. Ağ fiqurlarla oynayan Qədir Hüseynov çinli Dinq Liren ilə, Teymur Rəcəbov isə (o da ağ fiqurlarla oynayırdı) rusiyalı Pyotr Svidler ilə sülh bağlayıb.

Digər oyunlara gəldikdə, rusiyalı qrossmeyster Sergey Karyakin Çin nümayəndəsi Yuy Yanyidən, Fabiano Karuana (İtaliya) Kanada nümayəndəsi Anton Kovalyovdan güclü olduğunu sübut edib, Aleksandr Qrişşuk (Rusiya) isə Pavel Elyanova (Ukrayna) uduzub.

Üçüncü dövrəyə çıxmış 32 oyunçudan səkkizi Rusiyanı, dördü Çini təmsil edir. Azərbaycan, ABŞ və Ukraynanın hərəsi üç, 11 ölkənin (Bolqarıstan, Niderland, Macarıstan, Peru, Polşa, Vyetnam, Fransa, İngiltərə, Kanada, Hindistan və Kuba) hərəsi bir nümayəndə ilə təmsil olunur.

Xatırladaq ki, Bakıda keçirilən şahmat üzrə dünya kuboku sentyabrın 10-da başlanıb və oktyabrın 5-də başa çatacaq.

Turnirin üçüncü mərhələsinin matçları sentyabrın 17-18-də keçirilir. Əlavə partiyalara ehtiyac yaranarsa, onlar sentyabrın 19-da qısaldılmış nəzarət vaxtı rejimində oynanılacaq.

Dünya kubokunun üçüncü raundunun cavab oyunları sentyabrın 18-də Bakı vaxtı ilə saat 15:00-da başlanıb.

Xəbər 635 dəfə oxundu.