"FourFourTwo" nəşri "Qarabağ" haqda məqalə dərc edib
Nüfuzlu "FourFourTwo" nəşri "Qarabağ" klubu haqda məqalə dərc edib. Məqalədə ilk olaraq komandanın təmsil etdiyi Ağdam rayonu haqda məlumat verilib.

Yerli əhalinin doğma yurd-yuvalarını məcburiyyətdən tərk edərək ölkənin başqa bölgələrinə getdikləri bildirilib. "Qarabağ"ın ilk olaraq ev oyunlarını Ağdamda keçirdiyi, lakin ermənilərin işğalından sonra komandanın Bakıda çıxış etdiyi xatırladılıb. Yazıda Ağdam təmsilçisinin xüsusilə 2014 və 2015-ci ildə qazandığı uğurlardan, Qurban Qurbanovun rəhbərliyi ilə komandanın Avropa Liqasına vəsiqə qazanmasından bəhs olunub. Müəllif "Qarabağ"ın "Qafqazın "Barselona"sı" adlanmasından da bəhs edib.

Qara Qarayevin qarabağlı olduğu bildirilən yazıda Rəşad Sadıqov "Qarabağ" müdafiəsinin vacib oyunçusu kimi fərqləndirilib. Bundan başqa məqalədə komandanın yerli və legioner üzvlərindən bəhs edilib, Qurban Qurbanovun məşqçiliyindən danışılıb və onun Pep Qvardiolanın azarkeşi olduğu vurğulanıb.
Yazıda güman olunur ki, "Qarabağ" Ağdama qayıdacağı və orada çıxış edəcəyi təqdirdə, stadiona müharibədən əvvəl komandada futbolçu kimi çıxış etmiş, daha sonra baş məşqçi kimi fəaliyyət göstərmiş, müharibə zamanı isə döyüşlərə qoşulan və şəhid olan Allahverdi Bağırovun adı veriləcək.

Xəbər 694 dəfə oxundu.