Teymur superturnirdə 3-cü ola biləcəkmi?
Niderlandın Veyk an Zeye şəhərində keçirilən şahmatçılar arasında beynəlxalq «Tata Steel Chess» superturnir bu gün başa çatır. İdman.com.az saytının məlumatına görə, XIII turda milli komandamızın və SOCAR klubunun aparıcı qrossmeysteri Teymur Rəcəbov (2773) yarışın lideri Levon Aronyanla (2805) görüşüb.

Həmyerlimiz ənənəsinə sadiq qalaraq, qara fiqurlarla Köhnə hind müdafiəsini oynayıb. Amma mükafata iddiaçılar elə də riskə getməyiblər və tərəflər debütdəcə sülh bağlayıblar. Nəticədə, rəqib 9 xalla turnirin qalib adını qazanıb. Bu partiyadan sonra Teymurun xalı səkkizə yüksəlib və o, 3-cü sıradakı yerini qoruyub.

Yığmamızın digər aparıcı şahmatçısı Vüqar Həşimov (2761) ağ fiqurlarla Hikaru Nakamura (2759) qarşılaşıb. ABŞ şahmatçısı Siciliya müdafiəsinə üstünlük verib. Qrossmeysterlərin mübarizəsi uzun çəkməyib. 11-ci gedişdə heç-heçə qeydə alınıb. Vüqar yarışı 5 xalla bitirib. Şahmatçılarımızın hansı yeri tutması bütün görüşlər qurdardıqdan sonra məlum olacaq.

KAMRAN

Xəbər 1090 dəfə oxundu.