“Qəbələ” komandası Bakıda Yunanıstanın “PAOK” klubunu qəbul edir
Futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsinin ilk turunda Azərbaycanı təmsil edən “Qəbələ” komandası sentyabrın 17-də Bakıda Yunanıstanın “PAOK” klubunu qəbul edir.

“Bakcell Arena”da keçirilən oyunda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rikardo Ferreyra da Silva, Arif Daşdəmirov, Vitali Vernydub, Aleksey Qay, Sergey Zenyov, Dodo, David Meza Kolli, Ermin Zets və Aleksey Antonov meydana çıxıblar.

“PAOK”un ilk on birliyində isə Robin Olsen, Miqel Vitor, Rikardo Kosta, Giorgos Tzavellas, Stelios Kitsiu, Aleksandros Tziolis, Robert Mak, Qarri Rodriqes, Erik Sabo, Dmitris Pelkas, Stefanos Atanasiadis yer alıblar.

Görüşü ispaniyalı hakimlər briqadası idarə edir. Matçın baş hakimi Xavyer Estradadır. Oyunda köməkçi hakim funksiyasını onun həmyerliləri Miqel Martines, Teodoro Sobrino və Dieqo Barbero Sevilla yerinə yetirirlər. Bu görüşə əlavə köməkçi hakimlər Aleksandro Hernandes və Santyaqo Xayme təyin olunublar.

Avroliqanın “C” qrupunda mübarizə aparan Azərbaycan çempionatının bürünc mükafatçısı bu mərhələdə, həmçinin “Borussiya” (Dortmund, Almaniya), “PAOK” (Yunanıstan) və “Krasnodar” (Rusiya) kollektivləri ilə qarşılaşacaq.

Qruplarda ilk iki sırada yer alan komandalar növbəti mərhələyə yüksələcək.

Yarışların qrup mərhələsinə vəsiqə qazandıqdan sonra “Qəbələ” komandası Azərbaycan millisinin hücumçuları Vaqif Cavadov və Vüqar Nadirov, müdafiəçi Ruslan Abışov, argentinalı hücumçu Fakundo Abel Pereyra, paraqvaylı yarımmüdafiəçi Meza Kolli ilə heyətini gücləndirib.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Avroliqa turnirində Gürcüstanın “Dinamo”, Serbiyanın “Çukariçki”, Kiprin “Apollon” və Yunanıstanın “Panatinaikos” klublarını mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə olaraq yarışların qrup mərhələsinə vəsiqə qazanıb.

Xəbər 807 dəfə oxundu.