İtalyan azarkeş: Arzum Yuventusla Neftçinin oyununu görməkdir
24 yaşlı Rikkardo d`Aneze Peskarada yaşayır və heç Azərbaycan çempionatının oyunlarında olmayıb. Amma bu, onun bir neçə ildir Bakı "Neftçi"sinə azarkeşlik etməsinə mane olmur.

İtaliyalı futbol azarkeşi bunu azerisport.az saytına açıqlamasında özü bildirib: "Ümumiyyətlə, mən "Yuventus" azarkeşiyəm. Bu komandaya uşaqlıqdan azarkeşlik edirəm. Sadəcə, Peskara Turindən uzaq olduğuna görə "Yuve"nin hər oyununa gedə bilmirəm. "Neftçi"yə olan sevgim də məhz "Yuventus" kimi ağ-qara rənglərdən ibarət formalarla oynamasına görə yaranıb. 2012-ci ildə "Neftçi" Avroliqanın qrup mərhələsində "Yuventus"un əsas rəqiblərindən olan Milan "İnter"i ilə bir qrupa düşdü. Həmin vaxt bu komandanın İtaliyaya gəlişini böyük səbrsizliklə gözləyirdim".

"Həmin dövrdə Flavinyonun oyunu çox xoşuma gəlirdi. Onun çıxışını izləyirdim. Amma hazırda o, komandada deyil. İndi daha çox Ruslan Qurbanovun oyunu ürəyimcədir. Bildiyim qədərilə o, vaxtilə Xorvatiyada, "Hayduk"da da çıxış edib".

İtaliyalı fanat komandanın bu yay etdiyi transferlərdən də tam xəbərdar olduğunu bildirib: "İspaniyalı Anyetenin bu komandaya keçməsindən xəbərdaram. Onu "Levski"də çıxış etdiyi dövrdən xatırlayıram. Əla hücumçudur. Əminəm ki, o, komandaya çox kömək edəcək".

Rikkardo ən böyük arzularından birini də dilə gətirib: "Çox istərdim ki, "Yuventus"la "Neftçi" Çempionlar Liqasında üz-üzə gəlsin və ya yoxlama oyunu keçirsin. Həmin oyunu izləmək üçün hər şeyi edərəm".

Xəbər 896 dəfə oxundu.