“Qəbələ”nin rəqibinin kubokdakı rəqibləri müəyyənləşdi
Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qəbələ” ilə qarşılaşacaq PAOK Yunanıstan kubokunda 2-ci mərhələdəki rəqiblərinin kimliyini öyrənib. Bu gün yerli federasiyanın binasında ölkə kubokunun qrup mərhələsinin püşkü atılıb.

32 komandanın 8 qrup formalaşdıraraq 1 dövrəli sistemlə yarışacağı mərhələdə "Qəbələ”nin rəqibi C qrupunda yer alıb. 1-ci səbətin üzvü olan PAOK Superliqa təmsilçisi "Pantrakikos” və Futbol Liqasının (1-ci divizionun analogiyası) üzvləri "Xanya” və Volos "Olimpiakos”u ilə eyni qrupda yer alıb. "İkibaşlı qartallar” 27-29 oktyabr tarixlərində keçiriləcək ilk turda evdə "Pantrakikos”u qəbul edəcək. 2-ci turda (1-3 dekabr) səfərdə "Xanya” ilə üz-üzə gələcək Saloniki təmsilçisi qrupun son oyununda Volosa səfər edəcək. Dekabrın 15-17-də keçiriləcək 3-cü turda PAOK "Olimpiakos”un qonağı olacaq.

Qeyd edək ki, reqlamentə əsasən, qrupda ilk 2 yeri tutan komandalar 1/8 final mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 756 dəfə oxundu.