Qara Qarayev: Bu mövsüm Avroliqanın pley-offuna vəsiqə qazanmaq istəyirik
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin müsahibəsi

- Keçmiş klub, yığmada isə indiki komanda yoldaşınız Vüqar Nadirovun "Qəbələ"yə keçidinə münasibətiniz necədir?
- Şadam ki, o, futbolsuz qalmadı. "Xəzər Lənkəran"ın üzləşdiyi problem səbəbindən o, avqustda üç turu buraxmalı oldu. Ümid edirəm ki, "Qəbələ"dəki kayrerası uğurlu alınacaq. Onu təbrik edirəm. Yalnız uğurlar arzulaya bilərəm.

- "Qarabağ" ötən mövsüm də Avropa Liqasının qrup mərhələsində oynadığından yəqin ki, bu il emosiyalar fərqlidir...
- Həm o vaxt, həm də indi xoş bir həyəcan var. Əlbəttə, məsuliyyət hissi də yetərincədir. Matçlarını televizordan izlədiyimiz komandalara qarşı oynamaq xoş olacaq.

- Azərbaycan klubları avrokuboklarda ilk dəfə İngiltərə təmsilçisi ilə üz-üzə gələcəklər...
- Bu, məni ancaq sevindirir. Bizi "Tottenhem" kimi adlı-sanlı rəqiblə oyunlar gözləyir. İngiltərə çempionatı az qala dünyanın ən yaxşı birinciliyi hesab olunur. Bu da təbii ki, qürur hissi yaradır.

- Azarkeşlər artıq "Qarabağ"ın səfər oyunlarındakı sürpriz nəticələrinə alışıb. Bu oyunda sizdən nə gözləyək?
- Bizim öz azarkeşlərimizdən başqa kiminsə "Qarabağ"a bu oyunda şans tanıması çətindir. Şübhəsiz ki, oyunun favoriti "Tottenhem"dir. Onlar öz meydanlarında çıxış edəcəkər. Bu da onların şanslarını artıran məqamlardandır.

- Onların sizinlə oyuna tam heyətlə çıxmaması mümkündür?
- Mən buna inanmıram. Avroliqanın qrup mərhələsində heç bir klub eksperimentə əl atmaz. İstənilən halda bu rəqibin heyəti güclü futbolçulardan təşkil olunub və bizim üçün onların meydana kimlərlə çıxması önəm daşımır.

- "Qarabağ"ın bu mövsüm üçün hədəfi nədən ibarətdir:
- Bizim ilkin hədəfimiz hər matçda yaxşı futbol oynamaqdır. Fikrimcə, buna nail olsaq, nəticə də olacaq. Biz bu mövsüm pley-offa çıxmaq istəyirik.

Xəbər 742 dəfə oxundu.