Azərbaycanlı qılıncoynadan “Plovdiv CUP” beynəlxalq turnirinin qalibi olub
Bakı məktəblisi, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Aysel Əhədova Bolqarıstanda keçirilən qılıncoynatma üzrə “Plovdiv CUP” Beynəlxalq turnirinin qalibi olub. Turnirdə beş ölkədən – Bolqarıstan, Azərbaycan, Rumıniya, Türkiyə və İraqdan 100-dək idmançı iştirak edib.

Aysel bu yarışlarda iki dəfə fərqlənib. O, 15 yaşadək qılıncoynadanların yarışında birinci yeri, 17 yaşadək qılıncoynadanların yarışında isə üçüncü yeri tutub.

On dörd yaşlı Aysel idmana uşaq yaşlarından gəlib. 2012-ci ildən peşəkar qılıncoynatma ilə məşğul olur. Qısa müddət ərzində idmanın bu növündə respublika və beynəlxalq səviyyəli çempionatlarda sanballı nəticələr göstərib. 2014-cü ildə Gürcüstanda yeniyetmə qılıncoynadanlar arasında beynəlxalq yarışda qazandığı gümüş medal onun ilk belə uğuru olub. Bu ilin aprelində isə yenə də Gürcüstanda 15 yaşadək qılıncoynadanlar arasında keçirilən beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Aysel Əhədova müsahibəsində bildirib ki, ən böyük arzusu Azərbaycanı dünya və qitə səviyyəli yarışlarda müvəffəqiyyətlə təmsil etmək, Vətənə Olimpiya qızıl medalı bəxş etməkdir.

AZƏRTAC

Xəbər 1819 dəfə oxundu.