Georgi Hacı: Türkiyənin Azərbaycanla ortaq mədəniyyətə malik olduğunu bilirəm
Dünya futbolunun canlı əfsanələrindən sayılan ruminiyalı Georgi Hacı hazırda Türkiyənin Antalya şəhərindədir. İdman.com.az saytı futbol11-ə istinadən cəbər verir ki, “Barselona”, “Real” (Madrid), “Qalatasaray” klublarında xarüqələr yaratmış dahi 10 nömrə, özü üçün doğma olan bir məkana – Türkiyəyə baş çəkmək niyyətinə düşüb.

Bu ölkənin ən aparıcı klubu sayılan “Qalatasaray”a həm futbolçu, həm də məşqçi kimi xidmət etmiş “Karpat Maradonası” fürsətdən istifadə edərək, Rumıniya klublarının da hazırlığını yaxından izləyir. Canlı əfsanənin Ruminiya klubunun düşərgəsinə növbəti səfəri “Bakı” – “Panduri” oyununa təsadüf edib. Fürsətdən istifadə edən həmkarımız Hacının ölkəmiz və futbolumuzla bağlı fikirlərini alıb. O, əvvəlcə stadiona gəlişinin səbəbini açıqlayıb:

“Panduri” və “Bakı” arasında keçirilən yoxlama görüşünə bizim ölkədə böyük maraq var. Təsadüfi deyil ki, bu oyun Ruminiyada canlı yayımlanır. Mən isə Antalyada olduğumdan bu görüşü canlı izlədim. Azərbaycanda olan tanışlarımla tez-tez danışıram. Onlar mənə sizin ölkənizdə futbolun inkişaf etdiyini deyiblər. Bildiyimə görə, Azərbaycanda futbolun inkişafına önəm verən 1 nömrəli komanda məhz “Bakı”dır. Oyununa baxarkən də gördüm ki, heyətində səviyyəli futbolçular var. Sadəcə olaraq, bir-birilərinə tam uyğunlaşmadığları görünür. Qol vura bilməsələr də, tez-tez epizodlar yaradırlar”.

Hacı, uzun müddət yaşadığı Türkiyənin Azərbaycanla ortaq mədəniyyətə malik olduğunu da bildirib: “Azərbaycanla Türkiyə arasında oxşar cəhətlər çoxdur. Xüsusən də, dil oxşarlığı var. Mən türk dilində fikrimi sərbəst ifadə edə bilirəm. Deməli, Azərbaycan dilində də danışaram”.

Qeyd edək ki, Georgi Hacı Türkiyəyə gəlib-getmiş ən səviyyəli legionerdən hesab olunur. O, “Qalatasaray”la UEFA Kubokunu, və Superkubokunu qazanıb. 46 yaşlı veteran yarımmüdafiəçi “Sarı-qırmızılar”dan başqa, “Farul”, “Sportul”, “Styaua” (hamısı Ruminiya), “Real”, “Barselona” (hər ikisi İspaniya), “Breşiya” (İtaliya) klublarının da aparıcı oyunçusu olub. Milli komandasında 125 rəsmi oyuna çıxaraq, 35 qol vurub. Hacı baş məşqçi kimi Ruminiya yığmasına, eləcə də “Bursaspor”, “Qalatasaray”, “Styaua” kimi komandalara da rəhbərlik edib.

Xəbər 1310 dəfə oxundu.