“Matçın taleyini braziliyalılar həll etdilər”
“Yaratdığımız qol epizodlarından düzgün istifadə edə bilmədiyimizə görə məyusuq”. Bu sözləri Slovakiya milli komandasının baş məşqçisi Marian Berki deyib.

Avropa çempionatının pley-off mərhələsinin ilk matçında məğlubiyyətlə barışan slovakiyalıların çalışdırıcısı istifadə edə bilmədikləri epizodlara görə təəssüf hissini gizlətməyib.

O, oyunun taleyini yığmamızın heyətində yer alan braziliyalıların həll etdiyini də vurğulayıb: “Hesab 3:1 olan zaman bizim qol vurmaq üçün bir neçə şansımız oldu. Razıyam, rəqibimizin heyətində güclü futzalçılar var. Azərbaycan yığması ümumilikdə yaxşı təsir bağışladı. Onlar qol imkanlarından maksimum yararlandılar. Matçın taleyini rəqib komandanın heyətində yer alan braziliyalılar həll etdilər”.

Mütəxəssis məğlubiyyətə rəğmən ruhdan düşmədiklərini, bir həftə sonra baş tutacaq duelə daha yaxşı hazırlaşacaqlarını da bildirib: “Cavab oyununa daha səylə hazırlaşacağıq. Meydan amilindən istifadə etməklə, oyuna daha yaxşı köklənməyə çalışacağıq”.

O, Bakıya gətirə bilmədikləri Peter Halkonun yoxluğunun hiss olunduğunu da əlavə edib: “Peter Halkonun pasportu ilə bağlı problemi yaranmışdı. Bu üzdən onu gətirə bilmədik. Əsas heyət üzvü və hücumçumuzdu. Təbii ki, yoxluğu hiss olunurdu. Böyük ehtimalla cavab oyununda bizə kömək edəcək”.

Xəbər 654 dəfə oxundu.