Tino Peres: Ən böyük çatışmazlığımız təcrübəsizlikdi
“İki eyni səviyyəli komandanın qarşılaşmasını izlədik. Psixoloji cəhətdən yaxşı hazır olan komanda qələbə qazandı”. Bu sözləri futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres deyib.

Avropa çempionatının pley-off mərhələsinin ilk oyununda Slovakiya ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə qələbə qazanıb.

Matç haqda danışan baş məşqçi oyuna mane olan səbəbləri də açıqlayıb: “Birinci hissədə bir neçə əlverişli imkanımız oldu, amma istifadə edə bilmədik. Bunun da əsas səbəbi təmirdən sonra Bakı İdman Sarayında ilk dəfə oynamağımız idi. Üstəlik, həyəcan da var idi, rəqib qapıçı da yaxşı oynadı. Bu gün arenada yüksək təşkilatçılıq, əla azarkeş dəstəyi var idi”.

İspaniyalı mütəxəssis federasiya rəhbərliyinin tələbini də dilə gətirib: “Komandanı qəbul edən zaman AFFA və Futzal Federasiyasının rəhbərliyi qarşıma şərt qoydu ki, əsasən yerli və gənc futzalçılarla işləyim. Bu istiqamətdə işlər görürük. Yeni komanda qurmağa çalışırıq. Ən böyük çatışmazlığımız təcrübəsizlikdi”.

O, cari mövsümdə klublarımızdan heç birinin UEFA kuboku turnirinə qatılmamasının mənfi və ya müsbət təsiri haqda isə bunları deyib: “Əslində, heç bir klubumuzun bu yarışa qatılmaması yığmaya yaxşı hazırlaşmaq üçün əlavə şərait yaratdı. Bütün fikrimizi milliyə yönəltdi. İtirdiyimiz o oldu ki, beynəlxalq matçların sayı az oldu”.

Xəbər 635 dəfə oxundu.