“Əsas məqsədimiz “altılığ”a düşməkdir”
“Hazırlığımız normal keçir. Qəbələdə əsasən fiziki hazırlıq keçdik. Burada isə topla çalışmalar edirik. 2 yoxlama oyunu keçirmişik. Hər ikisində uduzsaq da, oyunlara 2 heyətlə çıxmışdıq. Həm də bu matçlarda nəticə önəmli deyil. Normal oynadıq”. İdman.com.az saytının məlumatına görə, bu fikri apasport.az-a “Qəbələ” klubunun və Azərbaycan milli komandasının futbolçusu Aleksandr Çertoqanov deyib.

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını dəyərləndirən milliləşən ukraynalı komandanın hədəfləri haqda danışıb: “Əsas məqsədimiz “altılığ”a düşməkdir. Sonra isə mümkün qədər yuxarı yer tutmağa çalışacağıq. Rəhbərliyin komanda üçün etdiklərinin qarşılığında indi qərarlaşdığımız 6-cı yer çox azdır. Ona görə də “altılığ”a vəsiqə qazanandan sonra mümkün qədər çalışmalıyıq ki, yüksək yer tutaq. Konkret yer haqda danışa bilmərəm. Bu, “altılığ”a düşməkdən asılıdır. 4-cü və ya 8-ci yer uğrunda mübarizə aparacağımız onda bilinəcək. Hər şey hazırlığımızdan asılı olacaq. Bundan sonra uğurlu oynamaq lazımdır”.

Çertoqanov yeni transferlər, “Neftçi”də birlikdə oyandığı Elmar Baxşıyev haqda da fikirlərini açıqlayıb: “Elmarla birgə oynamışıq, onu tanıyıram. Uzun müddət oynamamağı hiss olunur. Amma komandada hamını tanıyır. Üzərində çalışmaqla əvvəlki formasını bərpa edəcək”.
O, çempionatımızdakı hakim səhvlərinə münasibət bildirib: “Hər insanın səhvi olur. Futbolçu səhv edəndə məşqçisi danlayır. Hakim səhv edəndə isə hansı komandanın əleyhinə qərar veribsə, onlar tərəfindən tənqid olunur. Belə səhvlərin az olmasını istəyirəm”.

Albaniya ilə yoldaşlıq oyunundan sonra Almaniya təmsilçisi “Union”la yoldaşlıq oyununda şans qazanmayan futbolçunun millidən kənar qalacağı haqda xəbərlər yayılsa da, Çertoqanovun özü baş məşqçidən dəvət gözləyir: “Yığmadan kənarda qalmaq? Berti Foqts mənə heç nə deməyib. Almaniyaya da getmişdim. Amma oynamadım. Orada gənclərə şans verdilər. Onları yoxlayırdılar. Millidən yenə dəvət gözləyirəm. Yığmada oynamaq xoşdur”.

Çertoqanov millinin qarşıdakı yoxlama oyunlarındakı rəqibləri Fələstin və Belarus haqda da danışıb: “Fələstin yığması haqda heç nə bilmirəm. Lakin biz kimliyindən asılı olmayaraq, istənilən rəqibə qarşı tam qüvvə ilə oynamalıyıq. Belarus isə güclü komandadır. Çətin olacaq. Çıxıb öz oyunumuzu oynamalıyıq. Albaniya ilə görüşdə olduğu kimi oynasaq, yenə qalib gələrik”.

Xəbər 1113 dəfə oxundu.