Rəşad Abdullayev: “Çox güclü qrupa düşmüşük” - MÜSAHİBƏ
Rəşad Abdullayev: “Çox güclü qrupa düşmüşük” - MÜSAHİBƏ

“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayev, azerisport.az saytına müsahibibəsində, komandasının Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirdəki şanslarını dəyərləndirib. İdman.com.az saytı həmkarımızın futbolçu ilə yarışla bağlı söhbətini sizə təqdim edir:

- Etiraf edək ki, “Neftçi” kifayət qədər çətin qrupa düşdü. Siz, qrupunuzu necə dəyərləndirərdiz?
- Artıq püşk atılıb və heç nəyi dəyişmək olmaz. Bizə hər oyunda sona kimi döyüşmək qalır. Bu rəqiblərin necə güclü olduğunu yaxşı bilirik. “Paxtakor”un “Xəzər Lənkəran”da olduğum dövrdə “Birlik Kuboku”nda bizə qarşı necə döyüşdüyü yaxşı yadımdadı. “Metallist” haqda çox danışmağa da dəyməz. Bu komanda “Şaxtyor” və “Dinamo”dan sonra Ukraynanın ən yaxşısıdır. Polşa futbolunun da artıq reklama ehtiyacı yoxdur. Odur ki, çox güclü qrupa düşmüşük və bizi çətin oyunlar gözləyir.

- Baş məşqçiniz Böyükağa Hacıyevlə də danışdıq və etiraf etdi ki, əvvəlki günlərdə sizi çox yükləyib...
- Belə lazım idi. Əks halda bizi daha çətin oyunların gözlədiyi ölkə çempionatına necə hazır ola bilərdik? Yüklənməni biz yoxlama matçlarında hiss etdik. Həmin oyunlarda da bizim üçün nəticə yox, futbolçular arasında anlaşma önəmliydi. Almaniya “Dinamo”su (Drezden, 0:1), Qazaxıstan “Aktobe”si (1:1), Bolqarıstan “Beroe”si (1:1) ilə oyunlar bizə öz səhvlərimizi görmək və onlar üzərində işləmək imkanı yaratdı.

- Beynəlxalq turnir öncəsi baş məşqçi sizə iki günlük istirahət verdi. Sirr deyilsə, bundan necə yararlandınız?
- Seçim sərbəst idi. Futbolçulara evə ailəsinin yanına getmək imkanı da yaradılmışdı, Türkiyəni gəzməyə də. Uşaqların əksəri mən də daxil olmaqla Antalyanı gəzməyə üstünlük verdi. İstirahət edib, əyləndik. Bir qədər yüklənmənin ağırlığını üzərimizdən atmış olduq.

- Qədirov turniri təkcə idman prinsipləri baxımından yox, həm də maddi baxımdan yaxşı qazanc imkanı yaradır. Hansı ki, turnirin mükafat fondu 170 min dollardır...
- Bu, peşəkar idmançı üçün əlavə stimuldur. İstənilən uğur bizə ikiqat fayda verir. Bu, həm idman baxımından önəmlidir. Azərbaycan futbolunu təmsil edirik. Həm də maddi baxımdan qazanmaq mümkündür.

- Flavinyonun yoxluğu təsirini göstərə bilər?
- O, komandanın əsas liderlərindən biridir. Təbii ki, yoxluğu hiss olunacaq. Amma əvəzində bu,digər futbolçulara özlərini göstərmək imkanı yaradacaq.

- Yoldaşlıq oyunlarında komandanızın ən yaxşılarından biri idiniz, vurulan hər iki qolun müəllifi oldunuz...
- Özü də hər iki qolu Slavço Georgiyevskinin ötürməsi nəticəsində vurdum. Amma qazaxlara daha iki qol vura bilərdim.

- Yeri gəlmişkən, Unibank Premyer Liqasında digər klublarının hazırlığını izləyirsiz?
- Biz onlarla, onlar bizimlə maraqlanırlar. Məsələn, bizim oyunumuzu “Bakı”nın nümayəndələri izlədilər. Hamı bilir ki, final mərhələsi çox gərgin keçəcək.

- Ötən qış toplanış zamanı “Neftçi” heç bir oyunda uduzmamışdı. Bu dəfə isə heç bir oyunda qələbə qazana bilmir. Bu, çempionatda özünü göstərə bilməz ki?
- Öncədən nəsə demək olmaz. Əsas odur ki, güclü komandalara qarşı oynayırıq, öz səhvlərimizi görürük. Əlbəttə, daha zəif rəqiblər seçib onları məğlub etmək də olardı. Amma bundan bizə heç bir fayda gəlməzdi.

Xəbər 1037 dəfə oxundu.