UEFA Çempionlar Liqası üçün pul mükafatlarını artırıb
Sentyabrın 15-də Avropanın milli çempionatlarında müvəffəqiyyət qazanmış klubların mübarizə apardığı ən məşhur və elitar futbol turniri - UEFA Çempionlar Liqasının (UEFA ÇL) qrup mərhələsi start götürür. İyirmi doqquzuncu mövsümünə başlayan UEFA ÇL-nin qrup mərhələsində 32 komanda mübarizə aparacaq.

2016-cı ilin may ayında İtaliyanın Milan şəhərindəki “San Siro“ stadionunda keçiriləcək final görüşündə hansı klubların qarşılaşacağına dair azarkeş və bukmeykerlərin artıq qısa siyahısı da mövcuddur. Avropa futbol klublarının ən prestijli titulunu qazanmaq üçün iddialı klublar arasında ispan komandaları üstünlük təşkil edir. Çempionlar liqası tarixində ən çox qol vurmuş klublar da İspaniya təmsilçiləridir: “Real Madrid” (269) və “Barselona” (249). Avropa futbolunun “qaymaq“ klublarının cəmləşdiyi turnirin “daimi sakinləri” var: “Barselona”, “Real Madrid”, “Porto” və “Mançester Yunayted” klubları indiyədək 20 mövsümdə iştirak ediblər və turnirin qrup mərhələsinə hər il təxminən eyni klublar vəsiqə qazanırlar. Bununla yanaşı klublar arasında “Astana” (Qazaxıstan), “Mönhenqladbax” (Almaniya) və “KAA Gent” (Belçika) kimi debütantlar da yer alır.

Avropanın ən mötəbər futbol turniri maliyyə baxımından da yüksək liqa hesab olunmalıdır. 2012-2015-ci illər ərzində UEFA-nın ÇL-nin qrup mərhələsində iştirak edən klublar üçün ümumi mükafat fondu 1,001 milyard avro məbləğində olmuşdusa, 2015-2018-ci illərdə bu rəqəm 1,257 milyard avroya yüksələcəkdir. Qrup mərhələsinə vəsiqə qazanmış hər bir kluba 12 milyon avro start mükafatı təyin edilib. Qrup mərhələsində hər bir qələbəyə görə klublara 1,5 milyon avro, heç-heçəyə görə isə 500 min avro pul mükafatı veriləcək. Qrup mərhələsini adlayan klublara 5,5 milyon avro bonus təqdim olunacaq. Pley-off mərhələsində 1/8, ¼ və ½ finalda qazanılan qələbəyə görə müvafiq olaraq 5, 6 və 7 milyon avro pul mükafatı təsis edilib. ÇL-nin finalında qələbə qazanan futbol klubunun büdcəsinə 15 milyon avro daxil olacaq. Finalda uduzan komanda isə 10,5 milyon avro pul mükafatı ilə kifayətlənəcək.

UEFA mükafat fondunu artırmaqla Avropa klubları üçün Çempionlar Liqasında qələbə qazanmağın həm idman, həm də maliyyə cəhətdən cəzbedici olmasına çalışır.

AZƏRTAC

Xəbər 691 dəfə oxundu.