Azərbaycan qrossmeysterləri dünya kuboku yarışlarının ikinci dövrəsində mübarizəyə başlayıblar
Bakıda şahmat üzrə dünya kuboku yarışlarının ikinci mərhələsinin cavab partiyaları start götürüb.

Bakıda keçirilən şahmat üzrə dünya kuboku yarışlarının ikinci mərhələsinə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynov yüksəliblər. İkinci raundda idmançılarımızın iştirakı ilə bu partiyalar oynanılacaq: Şəhriyar Məmmədyarov – Xou İfan (Çin), Teymur Rəcəbov – İlya Smirin (İsrail), David Navara (Çexiya) – Qədir Hüseynov və Fabiano Karuana (ABŞ) – Rauf Məmmədov.

Nokaut-sistemlə keçirilən dünya kuboku yarışlarında 128 şahmatçı iştirak edir.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 1,6 milyon dollardır. Bu məbləğdən 96 min dollar qalibə, 64 min dollar digər finalçıya çatacaq, yarımfinalçıların hər biri 40 min dollar, 1/4 finala adlamış hər iştirakçı 28 min dollar alacaq. Qalib və finalçı 2016-cı ildə iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaq.

Turnir oktyabrın 4-də başa çatacaq.

Xəbər 671 dəfə oxundu.