“İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev Avropa İdman Jurnalistləri İttifaqının Konqresində çıxış edib
Belarus Milli Olimpiya Komitəsində Avropa İdman Jurnalistləri İttifaqının Konqresi və kütləvi informasiya vasitələrinin əməkdaşları üçün seminar keçirilir.

Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin nümayəndəsi, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev 2015-ci il iyun ayında Bakıda keçirilmiş bu yarışların post-təqdimatı ilə çıxış edib.

Təqdimatda Birinci Avropa Oyunlarını işıqlandıran yerli və xarici jurnalistlərin işləməsi üçün yaradılmış şərait məsələsinə xüsusi diqqət yetirilib.

Xatırladaq ki, 17 gün davam etmiş bu Oyunlarda idmanın 20 növü (o cümlədən 16 olimpiya növü) üzrə 6 mindən çox atlet iştirak edirdi. Oyunlarda 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına 12 idman növü üzrə lisenziyaların sahibləri müəyyən olunub. Bakıdakı yarışlar 18 arenada keçirilib. Bu Oyunlarda 253 dəst medal uğrunda mübarizə gedirdi.

Q.Mehdiyev qeyd edib ki, sentyabrın 10-da Bakıda şahmat üzrə dünya kuboku yarışlarına start verilib. O, xarici KİV-lərin nümayəndələrini bu yarışların işıqlandırılmasına qoşulmağa dəvət edib.

Təqdimat başa çatandan sonra Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS-Avropa) üzvlərinə xatirə medalları təqdim edilib.

Xəbər 2965 dəfə oxundu.