“Bu dəfə eyni səhvi təkrarlamaq istəmirəm” - Qədir Hüseynov
“İlk mərhələdə tay-brekdə qələbə qazandım. Buna görə bir qədər yorğun idim. Amma şikayətlənmək üçün əsas yoxdu. Çünki rəqibim də mənim kimi ardıcıl 4-cü gün istirahətsiz oynayır”. Bu sözləri şahmatçımız Qədir Hüseynov Dünya Kubokunda 1/32 final mərhələsinin ilk görüşündən sonra deyib.

Bakıda keçirilən dünya kubokunun 1/32 final mərhələsinin ilk oyununda Çexiya idmançısı David Navara üzərində qələbə qazanan Hüseynov partiya ilə bağlı bunları söyləyib: “Əslində bəxtimin gətirdiyini söyləmələyim. Xüsusən də debütdə. Çünki rəqibin oyununu analiz etmişdim. Elə mənim planlaşdırdığım kimi başladı oyuna. Buna görə də əvvəldən üstünlüyü ələ aldım və sonda da qələbə qazandım”.

“Yarışa fərdi yox, kiminləsə hazırlaşırsan” sualını şahmatçı belə cavablandırıb: “Bu suala cavab vermək istəməzdim. Hazırlaşdığım adam var. Amma daha geniş danışıb, rəqiblərimə məlumat vermək istəmirəm”.

Dünya Kubokunun mətbuat xidmətinə danışan Hüseynov bu gün Navaraya qarşı keçirəcəyi ikinci görüşdən də söz açıb: “İkinci görüşümüz də çətin keçəcək. Çünki Navara bu dəfə qələbə qazanmalıdı. O, irəli atılmağa məcburdu. Navaraya bu dəfə yalnız qələbə lazımdı. Əvvəlki mərhələdə də eyni halla qarşılaşmışdım. O zaman ikinci partiyanın gedişində kobud səhvə yol verdim. Qələbə qazanmaq üçün real gedişim olsa da, sonda məğlub oldum. Bu da psixoloji cəhətdən problem yaradırdı. Amma özümdə güc tapdım və tay-brekdə qələbə qazandım. Bu dəfə eyni səhvi təkrarlamaq istəmirəm. Bu gün cütün taleyini həll etməliyəm ki, 1 gün istirahət edə bilim”.

Xəbər 647 dəfə oxundu.