Qürbət Qurbanov: "Gələn il yelkənli qayıq üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək"
Bu gün "Boulevard" otelində Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə gənclər və yeniyetmələr üçün "Yelkənçi-2015" yay məktəbinin bağlanış mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Dövlət Dəniz Administrasiyasının rəhbəri və Azərbaycan Yelkənli İdman Federasiyasının prezidenti Qürbət Qurbanov və bir sıra qonaqlar iştirak edib.

Q.Qurbanov bildirib ki, Azərbaycan idman yarışlarında böyük uğur əldə edib: "Bu da ölkə Prezidenti İlham Əliyevin idmana olan qayğısının bariz nümunəsidir. Gənc nəsil arasında yelkənli idman növü inkişaf edir. İdmançıların məşqinə şərait yaratdığı üçün Gənclər və İdman və Təhsil nazirliklərinə minnətdarlığımızı bildirmək istəyirik. 2016-cı ildə yelkənli qayıq üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək. Bu da önəmli hadisədir".

Gənclər və idman naziri Azad Rəhimov Xəzər dənizi sahilində yerləşən Bakıda uzun illər yelkən görmədiyi üçün təəssüfləndiyini bildirib: "Cənab Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycan idman ölkəsidir. Bu şüar bizim qarşımızda böyük məqsədlər qoyur. Azərbaycanda bütün idman növləri inkişaf etməlidir. Belə düşünürəm ki, bizim coğrafi mövqeyimiz yelkən idman növünün Azərbaycanda daim inkişafda olmasına şərait yaradır. Federasiya qısa müddətdə yay məktəbi təşkil edib. Bu da idmanın inkişafını göstərir. Bu gün federasiyada maddi-texniki baza möhkəmlənir və yeni gələn idmançılar üçün imkanlar yaranır. Mən komandanın baş məşqçisi Seyhun Yıldıza da təşəkkürümü bildirirəm. Bu idman növünün gələcəyi var".

Daha sonra gənc yelkənçilərin baş məşqçisi Seyhun Yıldız yay məktəbi ilə bağlı xatirələrini bölüşüb və görülən işlərdən danışıb. O, Azərbaycan yelkən idmanın inkişaf yolundan danışıb. Baş məşqçi hədəflərinin bütün ölkəyə yelkən idmanını tanıtmaq və Avropa və dünya çempionatında layiqli çıxış etmək olduğunu deyib.
Daha sonra yay məktəbinin iştirakçıları mükafatlandırılıb.

"Report"

Xəbər 802 dəfə oxundu.