Vüqar Teymura güzəştə getdi?
Niderlandın Veyk an Zeye şəhərində keçirilən şahmatçılar arasında beynəlxalq «Tata Steel Chess» superturniri yekunlaşmaq üzrədir. İdman.com.az saytının məlumatına görə, finiş ərəfəsində mübarizə gərginliyi saxlamaqdadır.
XI tura gəldikdə, bu rəqabət Azərbaycan qrossmeysterlərinin qarşı-qarşıya əyləşməsi ilə yadda qalıb. Teymur Rəcəbov (2773) qara, Vüqar Həşimov (2761) ağ fiqurlarla oynayıb.

Mittelşpildə yüksək reytinqli şahmatçımız həmkarını sıxışdırıb və bir piyada üstünlüyü qazanıb. Sonra tərəflər vəzirləri dəyişiblər ki, bu da Teymurun işinə yarayıb. Enşpildə toplardan Həşimovun düşərgəsində «batareya» quran Rəcəbov, onun şahını küncə sıxıb. Partiya sonluğunun gedişində, Vüqar ağır fiqurları ilə, qəfil komanda yoldaşının cəbhəsinin arxasına keçib.

Cəld geri çəkilən Teymurun başı şahının müdafiəsinə qarışıb. Həşimov həmkarını sıxışdırsa da, hücumunu məntiqli sonluqla tamamlaya bilməyib. Fiqur dəyişikliyində itkiyə uğrayan Vüqar, 53-cü gedişdə təslim olub. Hazırda Rəcəbovun hesabında 7, Həşimovun 4 xalı var.

Bu partiyaya müxtəlif rəy vermək olar. İdman ictimaiyyətinə məlumdur ki, sözü gedən şahmatçılar arasında prinsipal rəqabət var. Amma görünür, Teymurun liderlər cərgəsindən qopmasını istəməyən Vüqar bu partiyada milli maraqları nəzərə alıb, bütün gücünü ortaya qoymayıb. Əks halda, nəticə baş cür də ola bilərdi. Ən azından, matç heç-heçə bitərdi…

KAMRAN

Xəbər 1007 dəfə oxundu.