Araz Abdullayev: “Azarkeşlərlə ancaq yaxşı oyunla, qələbə qazanmaqla barışmaq olar”
Neftçi"nin kapitanı Araz Abdullayevin müsahibəsi

- “Rəvan”a qarşı keçirilən oyunla bağlı nə deyə bilərsiniz?

- Oyuna yaxşı başladıq. İlk dəqiqələrdən etibarən baş məşqçidən aldığımız tapşırıqları yerinə yetirməyə çalışırdıq. Birinci hissədə hesabı birinci açmaq və imkan düşdükcə, üstünlüyümüzü artırmaq tapşırığı almışdıq. Bu, bizdə yaxşı alındı. Qələbə qazanmağımız vacib idi. Çünki turnir cədvəlində üst sıralarda qərarlaşmaq istəyirdik. Əks halda daha alt sıralara yuvarlana bilərdik. Fikrimcə, baş məşqçinin bütün tapşırıqlarını maksimum yerinə yetirə bilməsək də, ona yaxın çıxış edə bildik.

- Ayltonun qırmızı vərəqə alması çıxışınıza nə dərəcədə təsir göstərdi?

- İkinci hissədə bizim üçün bir qədər çətin oldu. Amma ruhdan düşmədik və rəqibin matçda dönüş yaratmasına imkan vermədik. Komandamızı belə oynaması münasibətilə təbrik edirəm.

- Oyundan sonra azarkeşlərə dəstəyə görə təşəkkür etdiniz. Artıq barışmısınız?

- Bəli. Azarkeşlərlə ancaq yaxşı oyunla, xallar toplamaqla, qələbə qazanmaqla barışmaq olar. Çünki onlar da bizdən ancaq bunu gözləyirlər.

- Qarşıda "Xəzər Lənkəran"la oyun var. Rəqib komanda yayda aldığı yeni futbolçuların xidmətindən qışadək yararlana bilməyəcək. Yəqin ki, bu, sizin üçün böyük üstünlükdür...

- Bizim üçün vacib oyun olacaq. Transfer qadağasına baxmayaraq, "Xəzər Lənkəran" yenə də ciddi və təhlükəli rəqib olaraq qalmaqdadır.

- İndiki "Neftçi" "Xəzər Lənkəran"ı məğlub edəcək gücdədir?

- Hər şey hazırlıqdan asılıdır. Kim oyuna daha yaxşı yanaşsa, o da meydanı qalib tərk edəcək. Matça yaxşı köklənməyə çalışacağıq ki, uğurlu oyun keçirək.

- "Rəvan"la matçın az qala sonunadək azarkeşlər "Böyük oyun"la bağlı şüarlar səsləndirirdilər. Bu, sizdə psixoloji cəhətdən təzyiq yaratmır?

- Onlar həmişə belə olublar. "Xəzər Lənkəran"la "Neftçi" arasındakı oyunların prinsipiallığı hər kəsə bəllidir. Buna normal baxıram.

- Gənc Fəhmin Muradbəylinin bu oyundakı çıxışı barədə nə deyə bilərsiniz? Onun "Neftçi"də liderliyi ələ keçirəcəyindən qorxmursunuz?

- O, öz üzərində çox çalışır. Bu görüşdə dubla imza atdı. Bu münasibətlə onu təbrik edirəm. Əgər o, komandada liderliyi məndən alsa, buna ancaq sevinərəm.

Xəbər 655 dəfə oxundu.