Fransız futbolçu “Oser faciəsi”ni yada saldı

“Rusiyada keçiriləcək dünya çempionatı, həqiqətən, böyük turnir olacaq”. Bu sözləri Fransa yığmasının və “Lion” klubunun futbolçusu Matyu Valbuena deyib.

FİFA-nın rəsmi saytına geniş müsahibə verən 31 yaşlı yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib.

DÇ-2018-nin seçmə mərhələsindəki Hollandiya, İsveç, Bolqarıstan, Belarus və Lüksemburqla birgə A qrupunda mübarizə aparacaq “xoruzlar”ın təcrübəli oyunçusu söhbət əsnasında 1995-ci ildə Fransanın Oser şəhərində Azərbaycan yığmasına 10:0 hesabı ilə qalib gəldiyi matçı xatırladıb.

O bildirib ki, daha qrupda asan komanda olmur və Fransanı hər bir rəqiblə çətin oyun gözləyir: “Dünya çempionatının seçmə mərhələsində asan qrup olmur. Eyni zamanda, qrupda asan komanda tapmaq qeyri-mümkündü. Albaniyaya keçən il uduzduğumuz matçı unutmamalıyıq. Daha zəif, kiçik komanda yoxdu. Əgər illər öncə Azərbaycana 10:0 hesabı ilə qalib gələ bilirdizsə, artıq o günlər keçmişdə qalıb. Bu isə o deməkdi ki, istənilən rəqiblə sona qədər mübarizə aparmalıyıq. Ötən dünya çempionatına yollanmaq üçün pley-off oyunları keçirməli olduq. Ümid edirəm ki, bu dəfə qrupu birinci pillədə başa çatdıraraq, mundiala birbaşa vəsiqə qazanacağıq”.

Qeyd edək ki, 2010-cu ildən Fransa yığmasında çıxış edən Valbuena 50 oyunda 8 qola imza atıb.

Xəbər 651 dəfə oxundu.