«Qəbələ»nin müdafiəçisi: Onun işlərini müsbət qiymətləndirirəm - MÜSAHİBƏ

«Qəbələ» klubu Türkiyənin Antalya şəhərində təlim-məşqlərini davam etdirir. Bu gün «qara-qırmızılar»ın futbolçusu Lyubo Baraninin qol.az saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətdə serbiyalı müdafiəçisi o komandasının hazırlığını dəyərləndirib:

- Antalyada hazırlıq prosesiniz necə gedir?
- Bir həftədir ki, burdayıq. Hər şey yaxşı gedir. İki yoxlama oyununda uduzmuşuq. Amma belə matçlarda nəticə vacib deyil. Hesab edirəm ki, komanda hələ fiziki olaraq bir qədər də hazırlaşmalıdır. Ümumilikdə isə hər şey normaldır. Bundan sonra üç yoxlama matçı nəzərdə tutulub.

- Səncə, çempionatın oyunlarına kimi komandanız tam hazır vəziyyətdə olacaq?
- Yüz faiz. Qış fasiləsindən sonra birinci oyunumuz «Kəpəz»ə qarşı olacaq. Bu qarşılaşmada mütləq qələbə qazanmalıyıq. Biz artıq indidən bu oyun haqda düşünürük.

- Yeri gəlmişkən, «Qəbələ»nin turnir cədvəlindəki durumu sabit deyil. Komandanız ilk «altılığ»a düşə də, düşməyə də bilər.
- Doğrudan da çox çətin vəziyyətdəyik. Taleyimiz öz əlimizdədir. Ən pisi odur ki, dalbadal iki oyunumuz – «Kəpəz» və «Simurq»la matçlar səfərdə olacaq. Bu iki görüşdə qalib gəlsək, birinci «altılıq»da oynayacağıq.

- Komandanız qış fasiləsində iki transfer gerçəkləşdirib. Elmar Baxşıyev və Yannik Kamanandan gözləntilərin nədir?
- Elmar yaxşı oyunçudur. Onu üç ildir tanıyıram. Hələlik fiziki olaraq tam hazır deyil. Kamanana gəlincə, bildiyimə görə, o, Türkiyə və İngiltərədə oynayıb. Onun səviyyəsinə bələdəm. Onun transferi bizim üçün yaxşı olacaq. Komandamıza əlavə hücumçu lazım idi. Çünki az qol vururduq. Məncə, onun gəlişindən sonra vəziyyət dəyişəcək.

- Bu mövsüm komandanızda baş məşqçi dəyişikliyi oldu. Fatih Kavlakla münasibətlərin hansı səviyyədədir?
- «Qəbələ»də bundan əvvəlki məşqçilər - Ramiz Məmmədov və Toni Adamsla da çalışmışam. Hamısıyla münasibətlərim normal olub. Fateh Kavlakla da həmçinin. Hər məşqçi göstərdiyi nəticəyə cavabdehir. Bu mövsümə yaxşı başlamışdıq. Amma sonra məşqçi heyətdə tez-tez dəyişiklik etdi ki, bu da nəticəyə təsir göstərdi. Sonra Fateh Kavlak gəldi. Onun işlərini müsbət qiymətləndirirəm. İşi fərqlidir. Baş məşqçi olaraq daha ciddi çalışır. Təsadüfi deyil ki, onun gəlişindən sonra keçirdiyimiz altı oyunun cəmi birində uduzmuşuq, üç oyunda qələbə qazanıb, ikisində heç-heçə etmişik.

- Səni «Qəbələ»nin əsas silahlarından sayırlar. Xüsusilə aut atışların daha təhlükəli alınır. Deyirlər, Baranin aut atırsa, daha künc zərbəsinə ehtiyac yoxdur.
- Təbii ki, bu, mənim üstünlüyümdür. Amma biləsiniz ki, aut atışlarının üzərində xüsusi çalışmıram. Ümumiyyətlə, bu atışlar hər dəfə də uğurlu alınmır. Oyun ərzində cəmi 2-3 dəfə yaxşı ola bilər.

- Ötən il sən milli komandamızda oynamaq istədiyini bildirmişdin. Amma deyəsən, federasiyadan buna reaksiya verən olmadı.
- Bəli, belə istəyim vardı. Amma alınmadı, dəvət gəlmədi. Mən fikirləşirəm ki, milli komandanızda yerli futbolçular oynamalıdır.

- «Neftçi»dən Flavinyunun millimizdə oynamaq istəyinə necə baxırsan?
- Azərbaycan millisinə Flavinyu kimi oyunçu lazımdır. Yaxşı müdafiəçiləriniz onsuz da var: Rəşad Sadıqov, Saşa Yunisoğlu, Elnur Allahverdiyev. Komandanıza hökmən Flavinyu kimi pleymeyker cəlb olunmalıdır.

Xəbər 1060 dəfə oxundu.