Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal və Rio Olimpiadasına vəsiqə qazanıb
ABŞ-ın Las-Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatı başa çatıb.

Çempionatın sonuncu günündə sərbəst güləş üzrə 57, 70, 74 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 1 gümüş medalla tamamlayıblar.

Çempionatda 125 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan Cəmaləddin Məhəmmədov finaladək bütün rəqiblərini asanlıqla məğlub edib. Ardıcıl olaraq İraq idmançısı Mohammed Sabahı, Yaponiya təmsilçisi Nobuyoşi Arakidanı məğlub edən C.Məhəmmədov, dörddəbir finalda Monqolustan güləşçisi Çuluunbat Jarqasaixanı təmiz qələbə ilə üstələyərək həm yarımfinala yüksəlib, həm də Rio Olimpiadasına vəsiqəni təmin edib. C.Məhəmmədov Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanan 11-ci güləşçimiz olub. Yarımfinalda Gürcüstan təmsilçisi Geno Petriaşvilini 57 saniyəyə məğlub edən güləşçimiz finala yüksəlib. Dünya çempionu adı uğrunda sonuncu görüşdə idmançımızın rəqibi türkiyəli Avropa və dünya çempionu Taha Akgül olub. Final qarşşılaşmasından məğlub ayrılan güləşçimiz dünya çempionatının gümüş medalına sahib olub.

Qeyd edək ki, bu günədək yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) Olimpiya Oyunlarına vəsiqə əldə ediblər. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc, sərbəst güləşçilərdən Hacı Əliyev (61 kq) qızıl, Xetaq Qazyumov (97 kq) bürünc medala yiyələniblər.

Las-Veqasda keçirilən dünya çempionatında 2016-cı il Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılıb. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə ediblər.

Xəbər 773 dəfə oxundu.