Azərbaycanın iki qrossmeysteri şahmat üzrə dünya kuboku yarışlarının ikinci mərhələsinə yüksəlib
Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov Bakıda keçirilən şahmat üzrə dünya kuboku yarışlarının birinci mərhələsində qalib gəliblər.

Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov 1,5:0,5 hesabı ilə İran şahmatçısı Pouya İdani üzərində qələbə qazanıb. Rauf Məmmədov isə eyni hesabla rusiyalı rəqibi Yevgeni Nayeri məğlubiyyətə uğradıb. Şəhriyar Məmmədyarovun növbəti rəqibi sentyabrın 13-də tay-breyk oyununda məlum olacaq. Rauf Məmmədov isə İtaliya qrossmeysteri Fabiano Karuana ilə qarşılaşacaq.

Sentyabrın 13-də iki əsas partiyadan sonra hesabı bərabər olan matçlarda tay-breyk oyunları keçiriləcək. Tay-breyk oyununda Azərbaycan şahmatçılarından Teymur Rəcəbov, Eltac Səfərli və Qədir Hüseynov iştirak edəcəklər. Teymur Rəcəbli Samuel Sevian (ABŞ), Eltac Səfərli Çaba Baloq (Macarıstan), Qədir Hüseynov Maksim Matlakov (Rusiya) ilə heç-heçə oynayıblar.

Azərbaycanın daha bir təmsilçisi Vasif Durarbəyli Vyetnam şahmatçısı Le Kuanq Liyemə 0,5:1,5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Olimpiya sistemi üzrə keçirilən turnirdə 128 şahmatçı mübarizəyə başlayıb. Dünya kuboku yarışlarının qalibi və finalçısı 2016-cı ildə iddiaçılar turnirində iştirak etmək hüququ qazanır. Yarışların qaydalarına görə, şahmatçılar ilk altı turun hər birində hərəyə iki oyun keçirəcək, heç-heçə olduqda üçüncü dəfə görüşəcəklər.

Turnir oktyabrın 5-dək davam edəcək. Yarışların qalibi 120 min dollar, finalçısı 80 min dollar qazanacaq.

Üçüncü və dördüncü yerləri bölüşən şahmatçıların hər birinin mükafatı 50 min dollar təşkil edəcək. Dünya kuboku yarışlarının ümumi mükafat fondu 1,6 milyon dollardır.

Xəbər 647 dəfə oxundu.