Dağ velosipedi üzrə açıq federasiya kuboku yarışlarının ikinci mərhələsinin qalibləri müəyyənləşib
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci ildəki təqvim planına uyğun olaraq, Dağ Velosipedi Parkında açıq federasiya kuboku yarışlarının ikinci mərhələsi keçirilib.

Yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak ediblər.

Reqlamentə əsasən, elit və U-23 yaş kateqoriyasında mübarizə aparan iştirakçılar 2,1 kilometrlik marşrut boyunca 7 dövrə vurublar. Gözlənildiyi kimi, bu yaş qrupunda çempion adını Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçisi Aqşin İsmayılov qazanıb. Onun komanda yoldaşları Orxan Məmmədov və Vüsal Abuşov müvafiq olaraq 2-3-cü yerləri bölüşüblər.

Gənclər və U-17 yaş qrupunun velosipedçilərinin mübarizəsi 4 dövrə davam edib. Burada da Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçisi Samir Şıxəlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin məktəbin üzvü Kamil Sərkərov üçüncü olub. İkinci yerə isə “SOCAR” komandasının üzvü Vüqar Nəsibov layiq görülüb.

Üç dövrə mübarizə aparan 15 yaşadək idmançılar arasında Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbini təmsil edən Osman Qəhrəmanov hamını qabaqlayıb. Sonrakı 2 yeri “Atasport” klubundan Bəylər Ağayev və “SOCAR”dan Növhər Nuriyev tutub.

Xəbər 710 dəfə oxundu.