“BP-Azərbaycan” şirkəti London olimpiadasında idmançılarımıza dəstək verəcək
“BP-Azərbaycan” şirkəti Azərbaycan Milli Olimpiya və Paralimpiya komandalarının “London-2012” Olimpiya Oyunlarında iştirakına dəstək verəcək.
Yanvarın 26-da Bakının “Hilton” otelində “BP-Azərbaycan” şirkəti ilə Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələri arasında 2012-ci ildə Londonda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına hazırlaşan Azərbaycan milli komandalarının və bir qrup seçilmiş idmançının dəstəklənməsi üçün tərəfdaşlıq müqavilələrinin imzalanma mərasimi keçirilib.

Tədbirdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir bu əlamətdar hadisənin şirkətin Azərbaycanda fəaliyyət göstərməsinin 20 illiyinə təsadüf etdiyini vurğulayıb. Qeyd edib ki, biz Azərbaycanın Milli Olimpiya və Paralimpiya komitələrinə, həmçinin “London-2012” Yay Olimpiya Oyunlarına hazırlaşan bir qrup Azərbaycan idmançısına dəstək verməkdən məmnunuq. BP hələ uzun müddət regionda güclü və dayanıqlı iqtisadiyyata malik lider ölkə kimi öz strateji roluna doğru irəliləyən Azərbaycanda qalaraq uğurlarını davam etdirmək niyyətindədir.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bp-nin Azərbaycanda idmana göstərdiyi bu diqqəti yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Azərbaycan idmançıları artıq London Olimpiya Oyunlarına 30, paralimpiyaçılar isə 22 lisenziya qazanıblar. Bu, dövlətin idmana göstərdiyi qayğının nümunəsidir. Eyni zamanda, bildirilib ki, 2012-ci ilin “İdman ili” elan olunması, eləcə də bu tərəfdaşlıq cəmiyyətdə, xüsusən də gənclər arasında idmana marağı daha da artıracaq.

Sonra BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov tərəfdaşlıq müqavilələrini imzalayıblar.

Tədbirdə bp tərəfindən xüsusi nümayəndə kimi seçilən idmançılardan yunan-Roma güləşi üzrə 2008-ci il Pekin Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat Avropa çempionu Rövşən Bayramov və cüdo üzrə ikiqat Paralimpiya oyunları çempionu, ikiqat dünya və üçqat qitə çempionu İlham Zəkiyev çıxış edərək, göstərilən etimada görə minnətdarlıqlarını bildirib və onlara bəslənilən ümidləri doğruldacaqlarına söz veriblər.

İmzalanmış müqavilələrə əsasən, “bp-Azərbaycan” şirkəti Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələrinin “London-2012” Olimpiya Oyunlarında rəsmi tərəfdaşı olacaq. Şirkət, həmçinin Londonda medallar uğrunda mübarizə aparacaq 3 olimpiya və 4 paralimpiya idmançısının - Cəbrayıl Həsənovun (sərbəst güləş), Fəridə Əzizovanın (taekvondo), Rövşən Bayramovun (yunan-Roma güləşi), İlham Zəkiyevin (cüdo), Afaq Sultanovanın (cüdo), Oloxan Musayevin (atletika), Oleq Panyutinin (atletika) Olimpiya Oyunlarına hazırlığını, həm də bu oyunlarda iştiraklarını dəstəkləyəcək.

AzərTAc

Xəbər 1463 dəfə oxundu.