Fasilə başa çatır: “Qəbələ” “İnter”ə, “Qarabağ” “Xəzər Lənkəran”a qarşı

Milli komandamızın Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Malta ilə keçirdiyi oyunlarla əlaqədar ölkə çempionatında yaranmış fasilə başa çatır. Şənbə və bazar günləri Topaz Premyer Liqasında IV turun görüşləri keçiriləcək.

5 oyundan üçü paytaxtda, biri Sumqayıtda, digəri isə Gəncədə baş tutacaq. Tura “Kəpəz” – AZAL matçı ilə start veriləcək. Turnir cədvəlinin son 2 pilləsində qərarlaşan komandaların görüşünü təcrübəli hakim Fariz Yusifov idarə edəcək. Şahin Diniyevin çalışdırdığı “Kəpəz” ilk 3 turdan sonra aktivinə 2 xal yazdrııb. “Neftçi” və “Zirə” ilə heç-heçə edən gəncəlilər “Qəbələ”yə minimal hesabla (0:1) uduzublar. Mövsümlərarası fasilədə maddi vəziyyətə görə aparıcı oyunçularını itirən AZAL isə cari mövsümdə xala həsrət qalıb. Startda “Zirə”yə 0:1 hesabı ilə uduzan “təyyarəçilər” “Qəbələ” və “Qarabağ”a eyni hesabla (0:2) məğlub olublar. Heyətini və doğma meydan amilini nəzərə alsaq, “Kəpəz”in qələbə şansının daha çox olduğunu deyə bilərik.

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edəcək “Qəbələ”ni bu tur çətin sınaq gözləyir. İlk 3 tur ərzində “Qarabağ”la heç-heçə oynayıb, AZAL və “Kəpəz”ə qalib gələn “qırmızı-qaralar” bu dəfə “İnter”lə qarşılaşacaqlar. Hesabında 4 xal olan “bankirlər” qələbə qazanacaqları halda, “Qəbələ” ilə xallarının sayını bərabərləşdirəcəklər. Lakin qarşısına çempionluq tapşırığı qoyan Roman Qriqorçukun komandası da meydana 3 xal üçün çıxacaq. Sentyabrın 17-də Avroliqada PAOK-la üz-üzə gələcək “Qəbələ” “İnter”ə qalib gəlsə, yunanlarla oyunöncəsi komandada özünəinam bir qədər də artacaq.

Avroliqadakı digər təmsilçimiz “Qarabağ” isə “Xəzər Lənkəran”ı sınağa çəkəcək. Komandaların turnir cədvəlindəki mövqelərini nəzərə alsaq, bu görüşü turun mərkəzi qarşılaşması adlandırmaq olar. Şübhəsiz ki, matçın favoriti “Qarabağ”dı. Ancaq “ağ-yaşıllar”ı da hesabdan silmək olmaz. Yunis Hüseynovun komandası bu mövsüm ən pis halda, Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparır. “Qarabağ”ın bu oyundan 5 gün sonra səfərdə “Tottenhem”lə ağır görüşə çıxacağını nəzərə alsaq, Qurban Qurbanov əvvəlki turlarda olduğu kimi, yenə əsas heyətin bir neçə üzvünə istirahət verə bilər.

İkinci oyun günündə isə 2 matç keçiriləcək. Əvvəlcə meydana “Sumqayıt” və “Zirə” komandaları çıxacaq. Premyer Liqanın debütantı “Zirə” ilk 3 turda məğlubiyyətin nə olduğunu bilməyib. AZAL-a qalib gəlib, “Kəpəz” və “İnter”lə heç-heçə edən paytaxt klubunun aktivində 5 xal var və “Xəzər Lənkəran”la birlikdə 3-4-cü pillələri bölüşür. “Sumqayıt” isə əvvəlki turlarda “Rəvan” və “Xəzər Lənkəran”la heç-heçə edib, “Neftçi”yə uduzub. Premyer Liqa təcrübəsinə görə “Sumqayıt” rəqibini qabaqlasa da, heyətinə və iddiasına görə “Zirə” üstün görünür.

Yüksək dəstəyə qayıdan “Rəvan” “Neftçi”ni qəbul edəcək. “Aslanlar”ın baş məşqçisi Emin Quliyev futbolçu karyerasında “ağ-qaralar”ın da formasını geyinib və onun sabiq klubu, özü də keçmiş komanda yoldaşı Samir Əliyevlə “duel”də hansı nəticəyə imza atacağı maraqla gözlənilir. Bu tura qədər “Sumqayıt” və “Xəzər Lənkəran”la heç-heçə edən “Rəvan” yalnız son 2 mövsümün çempionu “Qarabağ”a uduzub ki, buna görə Quliyevi qınamaq düzgün olmaz. Çempionatın startında “Kəpəz”lə heç-heçə edən “Neftçi” isə sonra “İnter”ə məğlub olduğu halda, “Sumqayıt”a qalib gəlib. Təbii ki, heyətinə görə “ağ-qaralar”ı favorit hesab etmək olar. Ancaq “Rəvan” da meydana təslim olmaq üçün çıxmayacaq.



IV tur

12 sentyabr (şənbə)

16:00. “Kəpəz” – AZAL
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov
Gəncə şəhər stadionu

20:00. “İnter” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
“İnter Arena”

20:30. “Qarabağ” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev
“Dalğa Arena”


13 sentyabr (bazar)

19:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov
"Kapital Bank Arena"

21:00. “Rəvan” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev
“Bayıl Arena”

Xəbər 659 dəfə oxundu.