Niko Kovaç üzr istədi

“Məndən daha yaxşı nəticə gözləyən hər kəsdən üzr istəyirəm. Başa düşürəm ki, onların etimadını tam doğrulda bilmədim”. Bu sözləri Xorvatiya yığmasının baş məşqçisi postundan istefaya göndərilən Niko Kovaç deyib.

Avro-2016-nın seçmə mərhələsində millimizlə qolsuz heç-heçə və Norveçə məğlubiyyətdən (0:2) sonra istefaya göndərilən çalışdırıcı Xorvatiya Futbol Federasiyasının rəsmi saytına açıqlama verib.

Azarkeşlərə təşəkkür edən məşqçi bunları deyib: “Mənə dəstək olan, bu müddət ərzində Xorvatiya millisi üçün çalışan hamıya minnətdaram. Sadiq azarkeşlərə təşəkkür edirəm. Onların etimadını doğrulda bilmədiyim üçün məyusam. Futbol gözəl, amma gözlənilməz oyundu. Heç də həmişə qələbə qazana bilmirsiz. Hər şeyə rəğmən, mən futbolu sevirəm”.

Qeyd edək ki, əvvəllər Xorvatiyanın U-21 yığmasını çalışdıran Kovaç əsas milliyə 2013-cü ildən başçılıq edirdi. Onun yerinə “damalılar”a Ante Kaçiçin baş məşqçi gətiriləcəyi gözlənilir.

Xəbər 667 dəfə oxundu.