Vitali Borisov: “Fiziki hazırlığımız indi bir az düzəlib”
“Ekol” və “Araz”ın legionerlərindən ibarət komandası ilə qarşılaşdıq. Rəqibin futzalçıları ilk dəfə idi bir yerdə oynayırdılar. Ona görə tam nəsə demək olmur. Çünki onlar Özbəkistan, Ukrayna səviyyəsində bir komanda deyildilər”. İdman.com.az saytının məlumatına görə, bu sözü apasport.az-a açıqlamasında Azərbaycan yığmasının üzvü Vitali Borisov deyib.

Avropa çempionatının final mərhələsinə hazırlaşan millimiz təlim-məşq toplanışındadır. Komanda yoxlama matçı keçirib. “Ekol”la oyunda 6:3 hesabı ilə qələbə qazanana milli qələbə toplarını son dəqiqələrdə vurub: “Oyunun gedişində hesab 3:3 idi. Sona yaxın qələbə toplarını vura bildik. Bu oyunla heç nə demək olmaz. Yenə deyirəm, öz uşaqlarımız idi. Bizə qarşı aqressiv oynamırdılar”.

Bakıda keçirilən beynəlxalq turnir zamanı fiziki baxımdan axsayan yığmanın üzvləri bu problemi tədricən yoluna qoyduqlarını deyib: “Fiziki hazırlığımız indi bir az düzəlib. Amma qitə birinciliyinə nə dərəcədə hazır olub-olmadığımız Portuqaliya ilə görüşdə bilinəcək”.

Yoxlama matçında 4 qol vurmaqla poker edən Borisov bunun elə də əhəmiyyət kəsb etmədiyini qeyd edib: “Dörd qol vurmağım müsbət amildir. Ümumiyyətlə, hücumda yaxşı oynadıq. 11-12 qol vəziyyəti yaratdıq və onlardan tən yarısını realizə etdik. Təəssüf ki, müdafiədə istənilən kimi çıxış edə bilmədik”.

Rəqiblərin oyunlarını hələ izləmədiklərini deyən futzalçı hər iki komanda haqda müəyyən bilgilərə sahib olduğunu vurğulayıb: “Dina”da oynayan vaxt Serbiyada təlim-məşq toplanışında olmuşam. Taktiki cəhətdən güclü komandadır. Futzalçıları hündürboydurlar. Sürətli oynamasalar da, topu özlərində yaxşı saxlayırlar. Portuqaliya yığması ilə bir neçə dəfə qarşılaşmışıq. Onlar dünyanın ən güclülərindəndir”.

Xəbər 966 dəfə oxundu.