Bu gün həmkarımız 45 illiyini qeyd edir
Bu gün “Bakı” futbol klubunun Media və Marketinq Departamentinin direktoru Nəriman Mehdiyevin 45 yaşı tamam olur. İdman.com.az idman saytının kollektivi həmkarımızı yubiley münasibəti ilə təbrik edir, ona can sağlığı, uzun ömür, işində və karyerasında yeni-yeni uğurlar arzulayır.
Nəriman Mehdiyev 1967-cı ilin 26 yanvar tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini 190 saylı orta məktəbdə alıb. Ardında Azərbaycan Dövlət Universiteti şərqşünaslıq fakültəsinin ərəb dili bölməsini Qırmızı diplomla bitirib.

1985-1987-ci illər ərzində həqiqi hərbi xidmət keçib. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin xarici əlaqələr şöbəsində başlayıb.
1991-1992-cü illərdə xüsusi təyinatlı hücum batalyonunun qərargah rəisinin müavini, 1993-cü ildə xüsusi zonanın komendantı vəzifələrində xidmət edib. Hərbi əməliyyatlarda iştirak edib, dəfələrlə komandanlığın təşəkkürlərinə layiq görülüb. Ağdərə rayon mərkəzi və rayonun iyirmiyədək kəndinin erməni işğalçılarından azad olunmasında onun rəhbərlik etdiyi xüsusi təyinatlı qrup hərbi əməliyyat tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.

1993-cü ildən etibarən elmi fəaliyyətlə məşğul olub. Moskva Hərbi Xarici Dillər İnstitutunun ixtisaslaşdırımış hazırlıq kurslarının müdavimi, Moskva Beynəlxalq Əlaqələr İnstitunun elmi işçisi vəzifələrində çalışıb.

1995-1997-ci illərdə mətbuat, marketinq, media tədqiqatları sahəsində fəaliyyət göstərib, müxtəlif nəşrlərlə əməkdaşlıq edib.

1998-2001-ci illərdə Birləşmiş Ərəb Əmirliklərində biznes fəaliyyəti ilə məşğul olub, beynəlxalq biznes təsisatının Dubay şəhərində nümayəndəsi qismində işləyib.

2001-2008-ci illər ərzində Media Holding - Lider TV İdman İnformasiya xidmətinin baş redaktoru vəzifəsini icra edib. Olimpiya oyunları, dünya çempionatlarının iştirakçısı, Azərbaycanda keçirilən ali idman yarışlarının təşkilat komitəsinin üzvü kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəıib. Gənclər və İdman nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, eləcə də digər federasiyaların fəxri diplomları ilə təltif olunub.

2008-ci ildən etibarən "Bakı" futbol klubunda çalışır. Hazırda klubda Media, Marketinq, Beynəlxalq əlaqələr sahəsinə rəhbərlik edir. Nəriman Mehdiyev klubdakı fəaliyyəti ilə paralel olaraq beynəlxalq konfliktlər və geosiyasət sahəsində elmi tədqiqatlar üzərində işləyir. Almaniya, İtaliya, Rusiya, ABŞ, Türkiyə mətbuatında beynəlxalq konfliktlər və geosiyasət mövzusunda analitik məqalələri nəşr olunub.

Azərbaycan, rus, fars, ərəb, türk, ingilis dillərində sərbəst yazır və danışır. Ehtiyatda olan zabitdir.
Ailəlidir. İki oğul övladı tərbiyə edir.

Xəbər 1091 dəfə oxundu.