«Yeniyetmə tennisçilərimiz olimpiya ümidlərimizdir»
Tennis üzrə yığma komandamız Litvanın Şaulyay şəhərində keçirilmiş Avropa tennis turnirində iştirak edib. Yığma komandanın baş məşqçisi Yalçın Manaflının idman.com.az saytına verdiyi məlumata görə, yarışda Ayxan Manaflı və Fidanə Xəlilzadə 14 yaşadək tennisçilər arasında qüvvələrini sınayıblar. Hər 2 idmançımız yaramfinala qədər irəliləsələr də, sonrakı mərhələdə rəqiblərinə məğlub olublar.

Baş məşqçi 64 idmançının qatıldığı yarışın yüksək rəqabət şəraitində keçdiyini bildirdi və əlavə etdi ki, idmançılarımız öz qüvvələrindən maksimum istifadə ediblər. Baş məşqçi yeniyetmə tennisçilərin gələcəyinə böyük ümidlər bəslədiyini bildirdi: «İdmançılarımız öz qüvvələrindən maksimum istifadə etdilər. Onlar yarış zamanı müəyyən səhvlərə yol verdilər, hazırda bu səhvlərin üzərində işləyirik. Ümumiyyətlə, tennisçilərimizin yarış təcrübəsi hələ azdır.

Çalışırıq ki, daha çox yarışlarda iştirak edək və yığma üzvlərimiz texniki, taktiki, eləcə də psixoloji cəhətdən hazırlıqlarını artırsınlar. Yeniyetmə tennisçilərimiz olimpiya ümidlərimizdir. Düşünürəm ki, onlar olimpiada-2016-ya lisenziya verən yarışlarda uğurla çıxış edəcək».
Yığma komanda Bakıda təlim-məşqlərini davam etdirir. Tennisçilərimiz fevralın 2-də Türkiyədə keçiriləcək qeyri-rəsmi Avropa çempionatına hazırlaşırlar. 16 yaşadək yeniyetmələr arasında təşkil ediləcək qitə yarışında Ayxan Manaflı, Fərid Hacızadə, Arif Quliyev çıxış edəcək. Yarışlara fevralın 5-də yekun vurulacaq.

Leyla QURBANOVA

Xəbər 1316 dəfə oxundu.