Azərbaycan güləşçisi Rəsul Çunayev dünya çempionu adını qazanıb
ABŞ-ın Las-Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya verən güləş üzrə dünya çempionatı davam edir.

Yarışın ilk iki gününün yekunlarına əsasən, Azərbaycan güləşçilərindən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə ediblər.

Yarışın ikinci günündə 59, 71, 80 və 130 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü bir qızıl və bir gümüş medalla başa vurublar.

Olimpiya Oyunlarının ikiqat gümüş medalçısı və dünya çempionu Rövşən Bayramov inamla mübarizə apararaq finala yüksəlib. Güləşçimiz hindistanlı Sinqh Ravinder üzərində asan, Şimali Koreyadan olan Von Çol Yun üzərində çətin qələbə qazanaraq dörddəbir finala yüksəlib. Bu mərhələdə London Yay Olimpiya Oyunlarının finalında məğlub olduğu Hamid Mohammad Soryanla qarşılaşan Rövşən Bayramov görüşü vaxtından əvvəl qələbə ilə başa vurub. Buna səbəb, həm də İranlı güləşçinin qaydalara zidd olaraq rəqibinə başla ardıcıl zərbələr endirməsi olub. Hakimlərin yekdil qərarı ilə Rövşən Bayramov yarımfinala yüksəlib. Bu qələbə ilə güləşçimiz 2016-cı il Rio Olimpiadasına vəsiqəni də təmin edib. Yarımfinalda idmançımız qırğızıstanlı Arsen Yeraliyevi mübarizədən kənarlaşdıraraq karyerasında üçüncü dəfə dünya çempionatının finalına yüksəlib. Finalda güləşçimiz kubalı rəqibi İsmael Borrero Molinaya uduzub və mundialın gümüş medalına sahib olub.

İlk Avropa Oyunlarının qalibi Rəsul Çunayev (71 kq) ötən mundialı bürünc medalla başa vurmuşdu. Bu dəfə güləşçimiz finala qədər yüksələ bilib. İlk olaraq Frank Hassli üzərində qələbə qazanan R.Çunayev sonra Rusiya təmsilçisi Adam Kuraka heç bir şans verməyib. Yerli azarkeşlərin güclü dəstəyinə rəğmən ABŞ təmsilçisi Castin Daşaun Lesteri də tam üstünlüklə məğlub edən Rəsul yarımfinala yüksəlib. Finalın bir addımlığında Belarus güləşçisi Tsimur Berdiyevi də tam üstünlüklə məğlub edən Rəsul Çunayev adını finala yazdırıb. Finalda güləşçimiz Ukrayna təmsilçisi Armen Vardanyana qalib gələrək dünya çempionatının qızıl medalına sahib olub.

2016-cı il Rio Olimpiadasına daha bir vəsiqəni Sabah Şəriəti (130 kq) qazandırıb. İlk görüşdə Macarıstan təmsilçisi Balint Lam üzərində qələbə qazanan S.Şəriəti dörddəbir finalda venesuelalı Ervin Xose Karaballo Kabreranı mübarizədən kənarlaşdırıb. Yarımfinala yüksələn güləşçimiz həm də Rio Olimpiadasına vəsiqəni əldə edib. Yarımfinalda Türkiyə təmsilçisi Rıza Kayaalpa məğlub olan Sabah Şəriəti bürünc medal şansını qoruyub. Ancaq həlledici görüşdə ukraynalı Aleksandr Çernetskiyə məğlub olan güləşçimiz dünya çempionatını beşinci sırada tamamlayıb.

Las-Veqasda keçirilən dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə 59, 66, 75, 85, 98, 130, qadın güləşi üzrə 48, 53, 58, 63, 69, 75, sərbəst güləş üzrə isə 57, 65, 74, 86, 97 və 125 kiloqram çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.

Xəbər 707 dəfə oxundu.