Robert Prosineçki: Mən Azərbaycan yığmasından getmək haqda düşünmürəm
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Xorvatiya millisindəki həmkarı Niko Kovaçı əvəzləyəcəyi barədə yayılmış xəbərlərə münasibət bildirib. O, ölkəsinin mətbuatına açıqlamasında öncə bunları söyləyib:

"Cəmi bir neçə gün öncəyə qədər hər şey yaxşı idi, komandanın böyük potensiala malik olduğu bildirilirdi. İndi nə dəyişib ki? Təəssüf ki, bu, təkcə Xorvatiyada yox, bütün dünyada belədir. Amma uğur olmayanda tənqidin olması da normal haldır".

Xorvatiyalı futbolsevərlər və jurnalistlər Kovaça əsas əvəzləyici gözü ilə məhz Prosineçkiyə baxırlar: "Hamı sağ olsun, amma mən doğrudan da Azərbaycan yığmasından getməyi düşünmürəm. Cəmi səkkiz aydır buradayam. Amma daha iki illik müqaviləm var. Burada hər şeydən razıyam. Fikrimcə, azərbaycanlılar da gördüyümüz işlərdən razıdırlar. Dörd oyundur uduzmuruq, komanda inkişafdadır. Oyunumuz da tədricən yaxşılaşır. Əlbəttə, hələ görüləcək işlərimiz çoxdur, oyun keyfiyyətini daha da yaxşılaşdırmağımız lazımdır. Oyunçularıma inanıram".

"Xorvatiya yığması ilə Avropa çempionatının final mərhələsində iştirak etməyi kim istəməzdi ki? Amma mən bir daha təkrar edirəm ki, Azərbaycanda çalışıram və buradan getmək haqda düşünmürəm. Üstəlik, Niko Kovaç hələ öz postundadır. İstənilən halda yekun qərarı Xorvatiya Futbol İttifaqının İcraiyyə Komitəsi qəbul edəcək. Mən də öz işimi davam etdirəcəyəm".

Prosineçki oktyabrda Bakıda keçiriləcək İtaliya ilə ev oyununda qrupun liderini məğlub etmək üçün əllərindən gələni edəcəklərinə söz verib: "Şübhəsiz ki, yaxşı oyun göstərməyə çalışacağıq. İtaliya bizim üçün gözəl rəqibdir. Onlar hazırda parlaq oyun sərgiləməsələr də, nəticə qazana bilirlər, hazırda qrup lideridirlər. İtalyanlarla oyundan sonra Bolqarıstanla həlledici görüşümüz olacaq. Lakin mənim üçün prioritet komandanı növbəti seçmə mərhələyə hazırlamaqdır. Xorvatiya yığmasına da uğurlar arzulayıram".

Xəbər 681 dəfə oxundu.