Əjdər Cəfərov: Maksimum lisenziya əldə etmək əzmindəyik
28-29 yanvarda Türkiyənin mədəni paytaxtında bu ölkənin məşhur pəhləvanı Vəhbi Əmrənin xatirəsinə yunan-Roma güləşçiləri arasında 30-cu beynəlxalq turnir keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, millimiz çalışdırıcılar - Saleh Bora, Şaban Donat və Mütəlib Yerliqayanın rəhbərliyi ilə bu yarışda qüvvəsini sınayacaq. Məşqçilər korpusu İstanbulda 14 idmançıya şans verəcək.

AGF-dən yayılan məlumata görə, rəqabəti izləyənlər arasında baş katibi Əjdər Cəfərov da olacaq. O, səfəri ilə bağlı mətbuata bunları açıqlayıb: «Federasiya prezidenti cənab Fazil Məmmədov, I vitse-prezident cənab Namiq Əliyev güləşçilərimizin hazırlığını daim diqqət mərkəzində saxlayır. Hədəfimiz həm bu ilin mart ayında keçiriləcək Avropa çempionatında, həm də aprel ayında keçiriləcək London yay olimpiya oyunlarına vəsiqə verən təsnifat turnirlərində maksimum nəticə əldə etməkdir. Bunun üçün federasiya tərəfindən maksimum şərait yaradılıb».

Təsnifat turnirlərinin tarixinin bir-birinə çox yaxın olduğunu deyən Əjdər Cəfərov, həm «1-ci nömrələr»in, həm də «2-ci nömrələr»in hazırlığının yüksək səviyyədə olmasının vacibliyini bildirdi: “Hər bir güləşçinin imkanı var ki, bu turnirdə uğurlu çıxış etsin və yerini möhkəmlətsin. Vəhbi Əmrənin xatirə turniri yunan-Roma güləşi üzrə ilin ilk Qızıl qran-pri yarışıdır. Bu baxımdan burada güclü idmançılar iştirak edəcək, güclü rəqabət olacaq. Bakıya qayıtdıqdan sonra, məşqçilər korpusu ilə birlikdə qarşıdan gələn yarışlara hazırlıqla bağlı müzakirələr aparılacaq. Ümumiyyətlə, London olimpiadasına həm maksimum lisenziyaları əldə etmək, həm də yüksək hazırlıq keçmək əzmindəyik».

Xəbər 1225 dəfə oxundu.